Klassik komediyanın ekran yozumu

2 Dekabr 2013 10:35 (UTC+04:00)

Mirzə Fətəli Axundovun nadanlığa qarşı yönəlməklə, yeniliklə köhnəliyi qarşılaşdırmaqla klassik dramaturgiyamızda cığır açan "Hekayəti müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni məşhur" pyesi əsasında Ədhəm Qulubəyovun ssenarisi əsasında bir il əvvəl Hüseyn Seyidzadənin quruluş verməli olduğu "Dərviş Parisi partladır" filmi kinorejissorlar Kamil Rüstəmbəyova həvalə olunur.

29 dekabr 1975-ci ildə keçirilən "Azərbaycanfilm" kinostudiyasının Bədii şurasında Kamil Rüstəmbəyovun rejissor ssenarisi müzakirə olunarkən Fərman Kərimzadənin "Obrazlar əladır, cəsarətlə deyirəm ki, onlar Axundovun komediyasındakılardan da üstündür" cümləsini "Qarlı aşırımdan" başlanan dostluğun şərəfinə söylənilən sağlıq təsiri bağışlasa da,: "Rejissor ssenarisində vurğulamalar tamamilə qarışıb. Qarabağa gəlişindən gülüş hədəfinə çevrilən müsyö Jordanı hətta balaca Gülçöhrə də ələ salır. Beləliklə komediya açarı itirildiyindən əsas fikir itir" deyərək ilkin ədəbi mənbəyə qayıtmağı məsləhət görən Ədhəm Qulubəyova müqavimət göstərərək: "Əksinə düşünürəm ki, Axundovdan uzaqlaşmaq gərəkdir. Onun dialoqları primitivdir, təkrarlar və hər addımda məntiqsizlik var" (АРДЯИА. фонд 330. 5. сахлама ващиди 863) cavabını verən quruluşçu rejissorun mövqeyi təəssüf doğurur. Beləliklə "Dərviş Parisi partladır" (filmi komediyaya minimum müdaxilə ilə diqqəti cəlb etsə də, aktyor seçimi ilə bağlı uğurlara baxmayaraq ekran əsərinin illüstrativliyi nəzərdən qaçmır.

Düşdüyü mühitə uyğunlaşmağa səy göstərərək Şahbazı özüylə aparıb oxutmaq istəyilə əməli fəaliyyətlə, nəinki yerli xanımlarla hətta nökərlə münasibətdə söz-söhbətinin həddini bilməklə və hətta vəcdə gələrək milli rəqsimizi ustalıqla ifa etməklə, tapdığı dərman bitkiləri ilə elm aləmini heyran qoyacağını düşünməklə ziyalı, alim surətini ustalıqla yaradan, fransızcanı təmiz bilib azərbaycan dilində də özünü səsləndirən Sergey Yurski başda olmaqla peşəkar aktyorları, Qarabağla bağlı naturanı uğurla seçib çəkilişlərə başlayan Kamil Rüstəmbəyovun səhhətindəki problemlə bağlı, tamam başqa dəsti-xəttə malik Şamil Mahmudbəyovun da işə qoşulması audiovizuallığın artmasına zəmin yaratsa da, filmin bir əldən çıxmasına mane oldu.

Hatəmxan ağaya (Adil İsgəndərov) canişinin göndərdiyi, mollaxana təhsili görmüş nökər Qəmbərin (K.Məhərrəmov) oxuya bilmədiyi bu məktubun Lermontovun Qarabağ atlarınə vəsf edən şeirini səsləndirən Rəşid bəy (Həsənağa Turabov) tərəfindən oxunması fransalı nəbatat alimi müsyö Jordanın (Sergey Yurski) gəlişindən xəbər verir.

Qarabağa eyni vaxtda gələn müsyö Jordanla dərviş Məstəli (Mirzə Babayev) şahın qarşılaşdırılmasından sonra Şəhrəbanu xanımının (Leyla Bədirbəyli) Hatəmxan ağaya Şahbazla (Ənvər Həsənov) Şərəfnisənin (Mömünat Qurbanova) toyu barədə söhbət açması ədəbi mənbənin mətnini ortaya atır. Hatəmxan ağa ilə Rəşid bəyin söhbətində müsyö Jordanın Qarabağa at almaq üçün gəldiyinin güman edilməsi dramaturji maneəyə çevrilməklə şərəfinə verilən ziyafətdə qonağın kağızdan oxuduğu cavab mətnin vida mərasimi ilə bağlılığı komizm yaradır. Məclisin gedişində müsyö Jordanın at deyil, xalça-palaz almağa gəldiyini zənn etməklə komizmi davam etdirən Şahbaz bəyin dağ yamaclarında müxtəlif çiçəklər, otlar yığan qonağın nəbatat alimi olduğunu öyrənib bu sahə ilə maraqlanması, qarabağlı gəncin Parisə təhsil almağa aparılması niyyəti ilkin ədəbi mənbə ilə səsləşən əsas hadisəyə keçid edir. Qarabağın təbiətinə vurğun olan müsyö Jordana əmisi qızına evlənəcəyini bildirərək səfərdən boyun qaçıran Şahbaz bəyin kineskopdakı, Paris həyatının cazibəsi ilə fikrini dəyişməsi əsas hadisəni nizamlayır.

Yeri gəlmişkən Şamil Mahmudbəyovun kinematoqrafik tapıntısı olub "Şərikli çörək" filminin sadəcə süjetini zənginləşdirən kineskop bu dəfə fabulanın inkişafında müstəsna rol oynayır. Toyun tələsdirilməsi ilə kineskopdakı Paris mənzərələrini seyr edən Şəhrəbanunun Şahbazın Firəngistana getmək istədiyini ağlaya-ağlaya söylədiyi, sözünün sahibi olan anası Şərəfnisənin müsyö Jordanın timsalında firənglərə hiddətlənməsi ziddiyyəti qabardır. Şəhrəbanunu dilə tutub razı salmaq istəyən Şahbazı hüzuruna çağıran Hatəmxan ağanı söhbətin

üstünə çıxan müsyö Jordanın razı salması ziddiyyəti kəskinləşdirir. Bazar meydanında tas qurub, tamaşa göstərən Məstəli şahla nökərinin Şəhrəbanu xanımın göstərişi ilə Hatəmxan ağanın evinə dəvət olunması hadisələri yeniləşdirir. Hatəmxan ağanın xırda qızların əllərindən aldığı kineskop vasitəsilə Paris həyatına heyrətlənməsi bu əşyanın dramaturji statusunu davam etdirir. Paralel olaraq Məstəli şahın bu malikanəyə gəlişi ilə Hatəmxan ağanın Şahbaza xeyir-dua verdiyi, Rəşid bəyin bacısı oğlunun nəbatatçı olacağına sevindiyi məqamda zirzəmidə dərvişin bu səfərin qarşısını almaq imkanları çözülür.

Cadu hesabına Şahbaz bəyin bədəninə cin yeritməkdənsə, əlindəki xoruzun başını kəsməklə müsyö Jordanı cəzalandırmaqdansa Şəhrəbanu xanımın yüz bacaxlı hesabına Parisin dağılmasına üstünlük verməsi fantastikanı reallaşdırır. Dərviş Məstəli şahın zirzəmidə qurduğu şəhər maketini barıtın hesabına yerlə-yeksan etməsi ilə Təbrizdəki konsulluqdan gələn məktubda Parisin doğrudan da dağıldığını, inqilab nəticəsində kralın qaçdığını öyrənən müsyö Jordanın özündən getməsi pyesə əsaslanmaqla tarixi hadisələri dramaturji struktura qoşur. Parisin dağılmasını şeytan əməli hesab etməklə Məstəli şahın xidmətini əsaslandıran müsyö Jordanın geriyə Şahbazsız qayıtması Şəhrəbanu xanımı qalibə çevirir. Hatəmxan ağanın canişinin qulluğunda həmişə hazır olduğunu bildirməsi bədii çərçivəni qapatsa da, Şəhrəbanu xanımın cadunun gücünə güvənməsi əsərin ideyası üzərinə kölgə salır. Cadugərliyin hesabına avam qadınların eyş-işrət yuvasından xilas etdiklərini düşünən avam qadınların qələbəsi əslində elmin maarifin uduzmasına çevrilməklə yaranan satirik komediyanın əsas məqsədi ictimai bəlanı önə çəkmək idi ki, mövzunu məişət müstəvisindən qaldıra bilməyən film bu işin öhdəsindən gələ bilmədi.

3 iyul 1978-ci ildə çıxan "Baku" qəzetindəki "Klassikanın müasirliyi" məqaləsində: "Filmin adı M.F.Axundovun pyesinin əsas fikrinin istiqamətini dəyişməklə sanki əyləncəyə və tamaşalılığa üstünlük veririr" yazan Gülruh Əlibəyovanın müşahidəsi dəqiqdir.

8 iyul 1978-ci ildə çıxan "Bakı" qəzetindəki "Dərviş Parisi dağıdır" məqaləsində filmi təhlil edərək: "Filmdə pyesdə olmayan bir surətlə rastlaşırıq. Bu Rəşid bəydir, savadlı, dünyagörüşlü olduğu hiss edilir, lakin ətrafdakı durğunluq və yəqin ki, şəxsi fəaliyyətsizlik Rəşid bəyi yarı yolda qoymuş, hərəkətdən saxlamışdır. Bu rolun ifaçısı H.Turabov qəhrəmanına bir qədər ironik münasibət bəsləyərkən haqlıdır" cümlələri ilə personajı və aktyor oyununu hərtərəfli açan Araz Dadaşzadənin: Filmdə müsyö Jordanla dərviş Məstəli şah iki dəfə rastlaşır. Bir Qarabağa gələndə, bir də tələsik buranı tərk edəndə. Bunlar simvolik görüşlərdir. Bir-birini tanımayan və bir-birindən çox uzaq olan bu adamları tale özləri belə bilmədən əlaqələndirmişdir. Lakin nə nadanlıq zəminində yetişmiş fırıldaqçı Məstəli şah, nə də elm mücahidi və mehriban insan, eyni zamanda kral tərəfdarı olan müsyo Jordan Qarabağ sakinlərinə doğru yol göstərə bilməzdilər. Həqiqi yüksəliş yolunu Şahbaz bəy özü tapmalıdır" qənaəti haqlı səslənir. Ancaq nə edəsən ki, məhz pyesdə olmayıb filmə gələn Rəşid bəy Şahbazın dramaturji yükünə şərik olmaqla yaratdığı süjet də fabulanı neytrallaşdırır.

18 iyul 1978-ci ildə çıxan "Kommunist" qəzetindəki "Dərviş parisi dağıdır" məqaləsində: "Təəssüf ki, hadisələrin inkişafının Rəşid bəylə bağlılığında meyarın gözlənilməsi, üstəlik respublikanın əməkdar artisti H. Turabovun zərif yumorla yoğrulmuş realist, yaddaqalan, səmimi oyunu Şahbaz bəyi nisbətən kölgədə qoymuşdur. Halbuki konfliktin yaranma səbəbləri, gəncliyin amal və arzularının tərənnümü, "nadanlıq çamırlığından" çıxmaq, savada, elmə həvəs göstərmək təşəbbüsü bilavasitə Şahbaz bəylə bağlıdır" yazan İlham Rəhimlinin də bu məqamı nəzərdən qaçırmaması məmnunluq yaradır.

A,Ə,Dadaşovun "Kinoşünaslıq" dərsliyindən B., 2008.

                                                                                                                Aydın Dadaşov