Azərbaycan-İran sərhəddində atışmada ölən və yaralananların kimliyi məlum oldu

2 Dekabr 2013 10:45 (UTC+04:00)

Yaralıların vəziyyəti ağır olduğu üçün onlar yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək

Ötən gün saat 19:30 radələrində Azərbaycan-İran sərhəddinin Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verən silahlı insident zamanı həlak olan və xəsarət alan şəxslərin kimliyi məlum olub. 


Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, insident zamanı 37 yaşlı mayor Maqsud Nağıyev həlak olub. Digər hərbçilər 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər. Lakin yaralıların vəziyyəti ağır olduğu üçün onlar yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.


Hadisənin baş vermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır.