Putinin Ermənistana səfəri başlayır

2 Dekabr 2013 11:09 (UTC+04:00)

Rusiya prezidentinin səfəri Gümrü hərbi bazasına baş çəkməklə başlayacaq

Bu gün Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfəri başlayır. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, səfər Gümrü şəhərindən başlayacaq və Putin burada Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə 102-ci Rusiya hərbi bazasına baş çəkəcək, eləcə də 3-cü Rusiya-Ermənistan regionlararası forumunda iştirak edəcək. Daha sonra İrəvanda yüksək səviyyədə görüş keçiriləcək. 


Anspress-in İTAR TASS-ə istinadən verdiyi məlumata görə, Putinin səfərinin gündəliyində olan əsas məsələ - ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Sarkisyanın sentyabrın 3-də Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların icrası, eləcə də Ermənistanın Gömrük İttifaqına və Belarus, Qazaxıstan və Rusiya iqtisadi məkanına qoşulması müzakirə olunacaq.