® «Bank of Azerbaijan» 20 illiyini qeyd edir

2 Dekabr 2013 12:21 (UTC+04:00)

Azərbaycanın aparıcı banklarından biri olan "Bank of Azerbaijan" ASC 20 illiyini qeyd edir.

"APA-Economics"in məlumatına görə, "Bank of Azerbaijan"ın əsası Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 166№-li lisenziya əsasında 1993-cü il dekabrın 1-də qoyulub, 2004-cü ildə isə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək ASC-yə çevrilib. 2006-cı ildə səhmdarların ümumi iclasında Bankın adının "Bank of Azerbaijan"a  dəyişdirilməsi barədə qərar qəbul edilib.

Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirak etmək, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olub. "Bank of Azerbaijan" ölkənin bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən qurumlardan biridir.

Fəaliyyəti ərzində önəm verilən ən əsas dəyərlərdən biri müştərilərin ehtiyac və gözləntilərini keyfiyyətli şəkildə qarşılamaqdır. Hər bir fərdə yüksək keyfiyyətli xidmət göstərmək, hər zaman nüfuzu qorumaq, dövlətin iqtisadiyyatının tərəqqisinə dayaq və dəstək vermək, beynəlxalq səviyyədə tanınmaqdır.

"Bank of Azerbaijan" müştərilərinə bütün növ maliyyə xidmətlərini göstərir: əmanətlərin qəbulu, depozit seyflərinin icarəsi, plastik kartlarla əməliyyatlar, valyuta əməliyyatları və köçürmələri, istehlakçı, kommersiya və ipoteka kreditlərinin verilməsi və s.

Bank biznes və ipoteka kreditləşməsinə dair dövlət proqramlarında fəal iştirak edir və hazırda Azərbaycan İpoteka Fondu və Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankları sırasındadır.

Bank Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının, eləcə də "Visa International" beynəlxalq ödəniş sisteminin üzvüdür. Həmçinin, "Bank of Azerbaijan" ölkədə ilk və yeganə bankdır ki, "MasterCard Paypass" ödəniş sistemini tətbiq edib.

"Bank of Azerbaijan" öz filial şəbəkəsini optimallaşdırır və hazırda Bankın 16 filialı, 3 şöbəsi, 32 bankomatı və 2000 POS-terminalı var.

Həmçinin, "Bank of Azerbaijan" idman, tibb, təhsil, mədəniyyət, incəsənət, ekologiya kimi müxtəlif sahələri dəstəkləyərək, Korporativ Sosial Məsuliyyətə xüsusi önəm verir.