Gülər Əhmədovaya 3 il həbs cəzası verildi

2 Dekabr 2013 13:00 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədova son sözlə çıxış edib. Movqe.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesində Gülər Əhmədova çıxışında cinayət işinin materiallarına Sevinc Babayevanın ona yazdığı mesajların və Elşad Abdullayevlə S. Babayeva arasındakı danışığın audio yazısının əlavə olunmamasından gileylənib: "Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığı da cinayət işinə əlavə edilməyib. Həmin danışıqda Elşad Abdullayev Sevinc Babayevaya deyib ki, pulu Gülərə yox, Sevincə verib. Bunlar vaxtında araşdırılsaydı, mən həbsdə oturmazdım. Bundan əlavə məhkəmə istintaqında şahid  ifadələrinin çoxu təsdiqlənmədi. Elşadın öz adamı burda durub dedi ki, Elşad məni öyrətmişdi ki, belə danış. Mən hardan bilərdim ki, Elşad Sevincdən aktrisa kimi istifadə edib. Sevinc də Elşadın ona verdiyi rolu oynayıb. Mən bunlardan Sevinc ölkəni tərk etdikdən sonra xəbər tutmuşam. Əgər vaxtında bilsəydim heç Sevinci evinə də getməyə buraxmazdım. Sevinci elə evimdə saxlayıb səhər aparıb prokurorluğa təhvil verərdim. Mən yaxşı bilirəm ki, Elşadla Sevincin arasında nələr olub. Amma ölən adamın arxasınca danışmazlar deyə mən onları açmıram. Amma istintaq ölən adamın dilindən başqalarının şahid ifadələrini qəbul edir. İttiham aktında göstərilib ki, Sevinc mənim Hökumət Evindəki ofisimin qarşısında oturub ağlayıb. Mənim qapımın arxasında o qədər adam oturub ağlayıb ki, amma sonra işləri düzəlib durub gülə-gülə çıxıb gediblər. Bu Sevincin mənə pul verdiyini təsdiqləyir bəyəm? Sevincin oğlu Ayxan ifadəsini hər dəfə dəyişdirib fərqli formada verib. Axı bu oğlanın səmimi olmadığı onun hərəkətlərindən də bəllidir. Ayxan anası xəstə olub Türkiyədə canının hayında olanda burada şadlıq evində özünə toy edib. Bundan başqa ittiham aktında mənim Elşadın etibarından sui istifadə etdiyim göstərilib. Axı mən Elşadın hansı etibarından sui istifadə edə bilərdim? Elşad mənə niyə etibar etməli idi? Elşadın qaynatası burda çıxıb danışdı ki, Elşad heç ona etibar etməyib. Bu zaman sual olunur, öz həyat yoldaşının xanımına etibar etməyən adam necə ola bilərdi ki, mənə bir ətək pul verib etibar da edərdi? Elşad Abdullayev böyük yalan danışır. Onun universitetində deputatlar dərs deyirdi. Birindən soruşardı ki, Gülər bu işlə məşğul olur, yoxsa yox? Elşad mənə zəng edib desəydi ki, "səndə mənim pulum var", bunu yazıb internetə verərdi. Bu adam çox yaxın olduğu Sevinclə danışdığı hər şeyi çəkib internetə qoyub. Sevinc məni aldadıb Türkiyəyə gedib. O, Türkiyəyə gedəndə mənə bildirdi ki, Elşadgildən qorxur. Mən şərlənmiş və aldanmış qadınam. Mənim günahım insanlara inanmağımdır. Mən özümə güvənirdim. Elə bilirdim ki, məni heç kim aldatmaz. Mənim ifadəmi kontekstdən çıxartmaq lazım deyil, olduğu kimi oxumaq lazımdır. Mən demişəm ki, Elşadla aramızda heç bir pul söhbətimiz olmayıb. Mən camaatın içində hörmətlə gəzib dolaşan adam olmuşam. Qazaxda məni biabır etdilər. Mən hər şeydən əvvəl Azərbaycan qadınıyam. 36 saat ac-susuz saxlanılandan sonra mənə dedilər ki, yazın ki, yorulmuşam, bezmişəm, Elşada pulu qaytarmağı düşünərəm. Mən də yazdım. Mən bir il əvvəl başa düşdüm ki, demokratiyanın nə olduğunu bilmirəm. Mən sivil addım atıb, istefa verdim. Bundan sonra basqılar birə on artdı. Belə başa düşürəm ki, Azərbaycanda demokratiyanı başa düşən dörd beş adam var. Bu gün də deyirlər ki, siz bu addımla günahınızı boynunuza almış oldunuz. Biz nə qədər zavallı insanlarıq. Quran gətirin əl basım ki, mən dələduz deyiləm və Elşadın pulu məndə deyil. Bəlkə jurnalistlər bunu axtarıb tapa bilməyəcəklər. Amma tarix hər şeyi tapacaq. Mən dələduz olsaydım, üç dəfə deputat seçilməzdim. Mən heç vaxt imkan verməyəcəyəm ki, kimsə sabah mənim övladlarıma desin ki, bunların anası satqının, dələduzun biri idi. Əvvəldən dediyimi sona qədər deyəcəyəm. Elşadın videosu saxta və quramadır. Elşaddan pul alsaydım, borc eləyib qaytarardım. Necə ki,  o birilər almışdılar qaytardılar da. Elşad cəsarət edib mənə pul verə bilərdi? Mən məhkəməyə təşəkkür edirəm ki, Elşadın mülk iddiası ilə bağlı vəsatəti təmin edilmədi. Təşəkkür edirəm prokurorluğa ki, Elşada rüşvət verməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. Bu işin ədalətlə sona çatmasını arzu edirəm. Mən heç vaxt dələduz ola bilmərəm. Mən bəlkə başqa cinayət törədə bilərəm, amma dələduz olmaram. Bizim ailədə dələduz olmayıb. Heç kimin haram puluna əl uzatmamışıq. Bəzi deputatlar mənim ev dustaqlığına çıxmağımla bağlı müraciət ediblər. Mən onlara təşəkkür edirəm. Mən çox xəstəyəm. İstəmirəm Sevincin taleyini yaşayam, övladım mənsiz böyüsün. Zakir Qaralov da çıxışında bildirib ki, mənim işim prezidentin nəzarətindədir. Mən cənab prezidentə müraciət edib bildirirəm ki, mən dələduz deyiləm. Mən illərdir, Sizin tanıdığınız adamam. Mən Heydər Əliyev yoluna hər zaman sadiq qalmışam. Bu partiya yox, əqidə məsələsidir. Məni ailəmi, səhhətimi nəzərə almağı xahiş edirəm. Ən böyük arzum ailəmin yanına dönməkdir. Sizdən xahiş edirəm mənə qarşı həm ədalətli olun, həmçinin də mərhəmətli".

Gülər Əhmədovanın son sözündə sonra proses günün ikinci yarısında davam etdirildi. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədovaya hökm oxunub. Hökmə əsasən, G. Əhmədovanın təqsiri məhkəmə zamanı təsdiqini tapıb. Onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Məhkəmə hökm çıxararkən onun ilk dəfə cinayət törətməsini, 3 dəfə deputat olmasını, ictimai-siyasi fəaliyyətini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alıb.

Qeyd olunub ki, onun barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi, yəni aşağı həddən də az cəza təyin olunması tətbiq olunub. G. Əhmədova ittiham olunduğu 178.3.2-ci maddəsi ilə 2 il 6 ay, 307.2-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası qismən toplanma yolu ilə 3 il müddətinə cəza kimi təyin olunub. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.  G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.