Eurovision 2012-nin möhtəşəm final şousu keçirilib - video

27 May 2012 11:33 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində "Baku Crystal Hall"da "Eurovision 2012" mahnı müsabiqəsinin final şousu keçirilib.

Bu şounu canlı izləmək üçün müxtəlif ölkələrdən minlərlə insan bu möhtəşəm, işıqlı arenaya toplaşıb. Tamaşaçıları sülh rəmzi olan ağ geyimlərdə şounun üç aparıcısı – Leyla, Eldar və Nərgiz Azərbaycan, ingilis, fransız və alman dillərində salamlayıblar. Açılış şousunu Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımov möhtəşəm ifası ilə edib. "Natiq" Ritm Qrupunun ifasında unudulmaz ifa, eləcə də ötən ilin qalibləri Eldar Qasımov və Nigar Camal "Running Scared" mahnılarının ifası hər bir kəsə gözəl anlar bəxş edib. Bu gün səhnədə birincilik uğrunda 26 ölkə - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldova təmsilçiləri mübarizə aparıb.


Qeyd edək ki, artıq ötən günkü perfomanslara görə münsiflər heyətinin səsverməsi olub. Bu gün isə tamaşaçıların səsverməsi keçiriləcək. Səsvermə bütün çıxışlardan sonra 15 dəqiqə ərzində həyata keçirilib. Səsvermənin nəticələri hər bir təmsilçi ölkə ilə canlı bağlantı vasitəsi ilə açıqlanıb. Səsvermənin nəticələrinə görə qalib İsveç olub. Digər yerləri isə Rusiya və Serbiya bölüşüb. Azərbaycan 4-cü olub.