Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində müşahidə olunmuş güclü külək haqqında məlumat yayıb

3 Dekabr 2013 13:23 (UTC+04:00)

Dekabrın 3-ü axşamdan 4-ü səhərədək güclü şimal-qərb küləyinin davam edəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 3-ü səhər saatlarında ölkə ərazisində müşahidə olunmuş güclü külək haqqında məlumat yayıb.

Departamentdən APA-ya daxil olan məlumatda bildirilir ki, əvvəldən də xəbər verildiyi kimi, ölkə ərazisində dekabrın 3-ü səhər saatlarında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilib.

Dekabrın 3-ü səhər saatlarına olan məlumatlara görə, küləyin sürəti Tərtərdə 28 m/s, Bərdə, Gəncə, Nabranda 20 m/s, Altıağacda 19 m/s, Naftalanda 17 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda, Sumqayıtda 22 m/s, Çilov adasında 24 m/s, Neft Daşları və Pirallahıda 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Dekabrın 3-ü axşamdan 4-ü səhərədək güclü şimal-qərb küləyinin davam edəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Havanın minimal temperaturu dekabrın 3-dən 4-nə keçən gecə 0-2 dərəcə isti təşkil edəcək.