Hacıbala Abutalıbov "Günəbaxan"ın canlı efirinə qoşuldu

3 Dekabr 2013 15:22 (UTC+04:00)

Bir neçə gün öncə Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasının müdirəsini rüşvət almaqda ittiham edən həmin bağçanın tərbiyəçisi Sevinc Ağayeva yenidən redaksiyamızla əlaqə saxlayıb. 

S.Ağayeva "Qafqazinfo" ya açıqlamasında bildirib ki, bu gün "ANS" telekanalında yayımlanan "Günəbaxan" proqramında canlı efirə bağlanan icra başçısı Hacıbala Abutalıbov onu bağça müdirəsini şantaj etməkdə ittiham edib: 

"Rüşvətxor müdirə qalıb bir qıraqda məni ittiham edirlər, guya mən Məlahət Rəhimovanı şantaj etmişəm. Heç müdirənin, Hacıbala Abutalıbovun da o səs yazısından xəbəri olmayıb. Mən rüşvət faktını qeydə almaq üçün müdirənin səsini yazmışam. Əgər mən şantaj etsəydim, yaxud nədənsə qorxsaydım, bunu anonim şəkildə edərdim, adımı açıqlamazdım. Mən etirazımı bildirmək üçün verilişə canlı yayıma bağlanmaq istədim, mənə söz versələr də, sonradan efirə qoşmadılar". Qeyd edək ki, Sevinc Ağayevanın şikayətindən sonra Bakı Şəhər İcra Hakimiyyəti araşdırma aparmış və bağçanın müdirəsi Məlahət Rəhimovanı işdən azad etmişdi. Heç bir əmək müqaviləsi bağlamadığı deyilən vətəndaş Sevinc Ağazadənin isə sənədlərinin yoxlanması üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilmişdi.