Heydər Əliyev Mərkəzində "Kosmosa səyahət" sərgisinin dünya premyerasının açılışı olub

3 Dekabr 2013 15:52 (UTC+04:00)
"Heydər Əliyev Mərkəzi artıq bir sıra tədbirlərin, sərgilərin, beynəlxalq sərgilərin, konsert və festivalların keçirildiyi məkana çevrilmişdir". 

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Heydər Əliyev Mərkəzində təşkil olunan "Kosmosa səyahət" sərgisinin dünya premyerasının rəsmi açılışı mərasimində Mərkəzin direktoru Anar Ələkbərov deyib.

Anar Ələkbərov bildirib: "Sizi Heydər Əliyev Mərkəzində salamlayıram. Bu gün çox əlamətdar bir hadisənin, "Kosmosa səyahət" sərgisinin açılışında hamımız iştirak edirik. Bizim üçün çox əhəmiyyətlidir ki, bu sərgi məhz 2013-cü ildə keçirilir və bu gün bu tədbir məhz dekabr ayına təsadüf etmişdir. Bildiyiniz kimi, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "İnformasiya-kommunikasiya ili" kimi qeyd olunur. Bununla yanaşı, məhz bu il fevral ayının 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılmışdır. Bu, hər bir azərbaycanlı üçün böyük, əlamətdar hadisədir. Bu münasibətlə hər birinizi ürəkdən təbrik edirəm.

Bu gün də kosmosa səyahət sərgisinin təşkil olunmasında yaxından kömək edən bütün təşkilatlara öz minnətdarlığımı bildirmək istiyirəm. Xüsusi olaraq, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sərginin keçirilməsində göstərdiyi dəstəyə görə dərin təşəkkürümüzü bildirmək istiyirəm. Bu tədbir məhz bir sıra təşkilatların birgə səyləri və fəaliyyətləri nəticəsində baş vermişdir".

ABŞ-ın Kosmos və Raket Mərkəzinin icraçı direktoru xanım Debora Barnhard sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

O, Azərbaycanın öz ilk peykini kosmosa buraxdığını qeyd edərək gələcəkdə ölkəmizin belə sərgilərin təşkilində ABŞ-ın tərəfdaşı olacağına ümidini ifadə edib.

Sərginin açılışı zamanı elmi-kosmik sərginin direktoru Rouzet Levis deyib ki, bugünkü sərgidə təkcə kosmonavtikanın keçmiş uğurlarını əks etdirən eksponatlar nümayiş olunmur: "Mənim fikrimcə, burada xalqlarımızı kosmos sahəsində yeni uğurlara ruhlandıran eksponatlar da sərgilənir".

Həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov qeyd edib ki, Azərbaycanın necə inkişaf etdiyi ona daim maraqlıdır: "Son vaxtlaradək Azərbaycan gənclərinin baxışları aşağı, yerin təkinə dikilmişdi. Azərbaycan neftçiləri neft hasil edərək bir çox onilliklər ərzində məşhurlaşdılar. Amma indi vəziyyət bir qədər dəyişib, Azərbaycan ilk peykini kosmosa buraxıb və mənə elə gəlir, çoxlu gənc daha çox yuxarı, səmaya baxacaq və bu sərgi də buna imkan yaradacaq. Düşünürəm ki, sərgiyə çoxlu gənclər gələcək və çox güman ki, artıq az bir müddətdən sonra çoxlu sayda azərbaycanlı astronavt və kosmonavt bizimlə yanaşı dayanacaq".

Qeyd edək ki, dekabrın 3-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center) "Kosmosa səyahət" sərgisinin dünya premyerasının rəsmi açılışı mərasimi keçirilib.

Sərgi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunub. İnformasiya texnologiyaları istiqamətində nailiyyətləri dəstəkləyən və bu sahəyə töhfə verən sərgi kosmonavtika üzrə maarifləndirmə, Azərbaycanın İKT sahəsinin inkişafına və geniş tətbiqinə yönəlmiş strategiyasının yayılması məqsədi daşıyır.

3500 m2 sahədə təşkil olunan sərgidə 100-dək eksponat nümayiş olunur. Onların sırasında kosmik stansiya və gəmilər, peyklərin hissələri və onların maketləri, kosmonavt geyimi və aksesuarları, meteoritlər və s. var.

Bakıda Heydər Əliyev Mərkəzində keçirilən sərgi bir çox eksponatların ilk dəfə nümayiş olunması ilə yadda qalacaq.

Sərginin xüsusi maraq doğuran eksponatlarından biri də Aydan gətirilmiş nümunədir. ABŞ-ın "Apollo 15" missiyası zamanı Ayda astronavt Devid Skot (David Scott) tərəfindən tapılmış bu nümunə sərginin açılışı üçün Amerkadan Bakıya gətirilib və 2 həftə ərzində burada nümayiş olunacaq.
Ekspozisiyada sərgilənən 2 meteorit, Sovetlər dövrünün skafandrı, "Mir" kosmik stansiyası, "Apollo-Soyuz" kosmik gəmisi, 10 müxtəlif simulyator və digər eksponatlar zaman axarında kosmonavtika sahəsində davamlı fəaliyyətlə yaxından tanışlığa imkan yaradır.

Sərgidə Azərbaycanın kosmik nailiyyətləri də təqdim olunur. Burada Azərbaycanın 2013-cü il fevralın 8-də ilk telekommunikasiya peyki - "Azərspace 1"-i orbitə çıxarmasından, kosmos sənayesinə malik məhdud sayda ölkələr klubunun üzvünə çevrilməsindən bəhs edən videomateriallar, ilk telekommunikasiya peykinin maketi nümayiş etdirilir.

Sərgidə, həmçinin ziyarətçilər üçün xüsusi fotoçəkiliş bölümü də yaradılıb. Bu bölmədə hər bir kəs kosmik geyimlərdə fotolar çəkdirə bilər.

Qeyd edək ki, ABŞ-ın Kosmik və Raket Mərkəzi Avropanın bir neçə ölkəsində kosmosla bağlı sərgi təşkil edib və onları 1,5 milyondan artıq ziyarətçi izləyib. Dünya premyerası Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən bu sərgi 2014-cü il fevralın 23-dək davam edəcək. Bakıdan sonra sərgi Paris, Brüssel, Amsterdam, Milan və digər şəhərlərdə də keçiriləcək.