“Leyli və Məcnun” operasının tamaşası keçiriləcək

3 Dekabr 2013 18:13 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyaları Azərbaycanın Xalq Artistləri Nəzakət Teymurova (Leyli) və Mənsum İbrahimov (Məcnun) ifa edəcəklər. Opera tamaşasını Əməkdar İncəsənət Xadimi Sevil xanım Hacıyeva idarə edəcəkdir.

Opera səhnəmizin həmişəyaşar incisi olan "Leyli və Məcnun"un bu dəfəki tamaşası mərhum sənətkar, Xalq Artisti Gülxar Həsənovanın 95 illik yubileyinə həsr edilmişdir.

Gülxar Həsənova uzun illər boyu (1942-1992) Opera və Balet Teatrının solisti olmuş və Teatrın repertuarındakı əksər milli opera tamaşalarında aparıcı partiyalarda Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Şahsənəm ("Aşıq Qərib"), Ərəbzəngi ("Şah İsmayıl"), Xanəndə qız ("Koroglu") və s. çıxış etmişdi. Onun yaratdığı bütün obrazlar dolğunluğu, kamilliyi və təbiiliyi ilə seçilirdi. Dekabrın 10-da çıxışları ilə tamaşaçıların rəğbət və məhəbbətini qazanmış və ifaçılıq sənətimiz tarixinə adını əbədi həkk etmiş ölməz sənətkarın 95 yaşı tamam olur.

Dekabrın 8-də baş tutacaq "Leyli və Məcnun" Gülxar Həsənovanın xatirəsinə həsr edilmişdir.