Moskva yeni təhlükəli Qafqaz oyunlarına start verir

4 Dekabr 2013 07:08 (UTC+04:00)

Ermənistanda səfəri zamanı Rusiya prezidenti Vladimir Putin yenidən Cənubi Qafqazla bağlı verdiyi açıqlaması ilə gündəmə gəldi. O, "Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək niyyətindədir", deməklə məqsədinin nə olduğunu açıq meydaan qoydu. Amma siyasilərin fikrincə, Rusiya prezidentinin belə pafoslu çıxışından narahat olmağa dəyməz.

Politoloq Vəfa Quluzadənin sözlərinə görə, Putinin çıxışı onu göstərir ki, Rusiyanın Cənubi Qafqazda mövqeləri olduqca zəifləyib: "Putinin Ermənistana səfəri heç olmasa, Ermənistanı öz caynaqlarında saxlamağa bir cəhddir. İkincisi, Rusiya Cənubi Qafqazda və elə Ermənistanda öz mövqelərini möhkəmləndirə bilməz. Bu gün erməni xalqı Rusiya yox, Avropa ilə əməkdaşlıq istəyir. Sarkisyanı bu günlərdə olan mitinqlərdə ittiham edirlər ki, sən Ermənistanın müstəqilliyini Rusiyaya satmısan. İkincisi, Sarkisyan bütün sifəti ilə göstərdi ki, ay camaat mən nə edim: "Məni məcbur etdilər". Ona görə Putinin belə pafoslu bəyanat verməsi heç də ona gətirmir ki, kimsə inanacaq. Rusiya artıq Ermənistanı itirir. Ona görə Rusiya hesab edir ki, əsgəri əməkdaşlığı gücləndirməklə Ermənistanı əlində saxlaya bilər. Amma erməni xalq artıq çox gözəl bilir ki, Azərbaycan və Türkiyə onlarla düşmənçilik etmək fikrində deyil. Amma Rusiya buna imkan vermir. Rusiyanın Azərbaycan torpaqlarını işğal etməsi ermənilərə bir qram da xeyir verməyib. Bu dəqiqə Ermənistana sülh lazımdır. Artıq Ermənistan üsyana hazırlaşır. Bir gün Ukrayna kimi Ermənistan da Rusiyanın əleyhinə qalxacaq. Çünki, Putin Ermənistanda ola-ola onun əleyhinə mitinq keçirildi. Ona görə ora bütün təhlükəsizliyini görərək getmişdi. Putin hansı mövqeyini möhkəmləndirəcək ki? Heç bir mövqeyi qalmayıb. O, artıq Şimali Qafqazı da itirmək ərəfəsindədir. Hər gün Şimali Qafqazda müharibə gedir. Onlar da Rusiyanı sevmir. Şimali Qafqaz öz əqidəsi, ənənəsi ilə yaşamaq istəyir. Ona görə Şimali Qafqazda partizan müharibəsi davam edir. Yəni, Rusiyanın taleyi həll olunub. Bir gün Rusiyada da Ukraynada olan hadisələr baş verəcək".

Digər siyasi şərhçi Ərəstun Oruclunun da fikrincə, Putinin bu çıxışını çox ciddi bəyanat hesab etmək olmaz: "Əgər Putin Cənubi Qafqazda öz möqvelərinin gücləndirilməsindən danışırsa, deməli, mövqeləri zəifdir. Mövqelərini zəiflədən amillərdən birincisi, Cənubi Qafqaz xalqlarının artıq Rusiyanın təsirinə qayıtmamaq istəyidir. Hətta rusiyapərəst kimi tanınan Ermənistanda da Putin əleyhinə ciddi hadisələr baş verir. Güsrücüstan artıq aydındır. Bu fonda Putinin verdiyi bəyant ilk növbədə ondan qaynaqlanır ki, onların mövqeləri zəifləyib. İkincisi, region uğrunda gedən və kəskinləşmiş geosiyasi mübarizədir ki, burada Avropa kifayət qədər israrlıdır. Bölgə uğrunda mübarizənin kəskinləşməsi sanki Qərbin xeyrinədir. Çünki, Rusiyanın ənənəvi mütəffiqi olan İran da artıq Qərblə əməkdaşlığa üstünlük verməyə başlayıb. Türkiyə isə həmişə Qrəbin tərkib hissəsi olub. Rusiyanın mövqləri təkcə Cənubi yox, həm də Şimali Qafqazda da zəifləyib. Faktiki olaraq, Moskva Şimali Qafqazı iki vasitə ilə əldə saxlayır. Birincisi, orada qurmuş olduğu kriminal rejimlər vasitəsilədirsə, ikinci üsul həmin bölgəyə böyük məbləğdə büdcə ayırmaları yönəltməsidir. Belə olan halda Putinin söylədiyi daha çox Rusiyanın daxili auditoriyasına hesablanmış millətçi, populist bəyanatdır. Ona görə çox da ciddiyə almaq lazım deyil".

Lakin ekspertlərə görə, məlum səfər Rusiya prezidentinin 102-ci bazadan əzələ nümayişi idi. Qərbə müəyyən mesajlar ötürüldü və bu mesajlarda Rusiya sanki fövqəldövlət statusunda çıxış edirdi və az qala dünyanı hədələyirdi. Məsələn Putinin bir ifadəsi xüsusi diqqət cəlb edir: "Biz raketdən müdafiə sistemlərini Ermənistanda qurmağa başlamışıq və Qərbi də xəbərdar edirik".