Güclü külək qərb rayonlarında bir sıra problemlər yaradıb

4 Dekabr 2013 10:54 (UTC+04:00)

Hazırda rayonlarda yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş görülür

Ötən gün səhər saatlarından ölkənin qərb rayonlarında baş vermiş fəsadlar hələ də aradan qaldırılmayıb. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Tərtər və Ağcabədi rayonlarında hələ də elektrik enerjisinin verilişi bərpa olunmayıb. Rayonlarda təbii qaz verilişində də fasilələr var. Hazırda rayon icra hakimiyyəti əməkdaşları yollarda aşan ağacların yığışdırılması, baş vermiş dağıntıların təmizlənməsilə məşğuldurlar. Bəzi evlərin uçan dam örtükləri təmizlənir.


Bərdə və ətraf rayonlardakı problemlər də tam aradan qalxmayıb. Bərdə rayonunun təxminən 40 faizi işıqsız qalıb. Hazırda mütəxəssislər problemlərin aradan qaldırılması ilə məşğuldurlar. Rəsmilər günün sonuna qədər rayona verilən elektrik enerjisinin bərpa olunacağını deyir.


Qeyd edək ki, ötən gün səhər saatlarından başlayan küləkli hava qərb rayonlarında fəsadlara səbəb olub. Bərdə və ətraf rayonlarda ciddi problemlər yaranıb.


Külək axşama doğru daha da güclənib. Nəticədə iri gövdəli ağaclar və elektrik dirəkləri aşıb. Ağaclar elektrik xətlərini sıradan çıxardıb. Bölgə müxbirinin məlumatına görə, Bərdənin 95 faizində işıq yoxdur. Hələlik dəyən ziyanın miqdarı müəyyənləşməyib. 


Külək gücləndiyindən və qaranlıq olduğundan bərpa işləri aparmaq mümkün deyil. Tərtər və Ağcabədi rayonlarında da vəziyyət eynidir.