Azərbaycanda keçirilən sərgidən 300 nəfər hədiyyə qazandı

4 Dekabr 2013 15:12 (UTC+04:00)

Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan  "Bakutel- 2013" sərgisində "Elektron hökumət portalı" sərgi iştirakçılarını sevindirib. Movqe.az-a Məlumat Hesablama Mərkəzindən verilən xəbərə görə, bir neçə gün əvvəldən sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə  şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər. Sərginin ilk günü 130-dan çox e-imza vəsiqəsi və kart oxuyucusu verilmişdirsə, ikinci gün 2 dəfə çox, yəni 300 dənə e-imza vəsiqəsi və kart oxuyucusu iştirakçılara təqdim edilib. E-imza vəsiqəsi almaq istəyən Sədaqət Nəcəfzadə adlı sərgi iştirakçısı fikirlərini portalın əməkdaşları ilə bölüşüb. Onun "Elektron hökumət"lə bağlı məlumatlı olduğu  elə də uzun müddət deyil və o, bu haqda mediadan eşidib. Daha sonra   "Elektron hökumət" portalının rəsmi saytına daxil olaraq  dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərlə tanış olub. Sədaqət xanım tez bir zamanda elektron xidmətlərdən istifadəyə başlayacağını vurğuladı. O, "Bakutel-2013" sərgisinə də "e-imza" vəsiqəsi almaq üçün qatıldığını bildirib. Sədaqət Nəcəfzadə həmçinin portalda gedən gündəlik yenilənmələrdən çox məmnun olduğunu söyləyib.

Xəbər verdiyimiz kimi "Elektron hökumət" portalında e-xidmətlərdən istifadənin artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı" pavilyonu quraşdırılıb.Çox maraqlıdır ki, sərginin ikinci günü insan axınının ən böyük cəmləşdiyi dayanacaqlardan biri yenə də "Elektron hökumət portalı" pavilyonu olub.