Yol polisi xəbərdarlıq edir
4 Dekabr 2013 17:22 (UTC+04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi
barələrində inzibati protokol tərtib edilmiş sürücü, sərnişin və
piyadalara xəbərdarlıq edərək bildirir ki, cərimələrini vaxtında
ödəməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq əlavə cəza
tədbirləri görüləcək. Ona görə də əlavə problemlərlə rastlaşmaq
istəmirlərsə, diqqətli olmalı və ödəmələri vaxtında
etməlidirlər.
Bu barədə Trend-ə
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi
İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis
polkovnikiKamran
Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, yol polisi
tərəfindən barələrində inzibati protokol tərtib edildikdən sonra
təyin olunmuş cərimələri vaxtında ödəməyən şəxslərin sayı getdikcə
çoxalır. Bu isə sonda yalnız həmin şəxslərin özü üçün əlavə
problemlərin yaranması ilə nəticələnir:
"İnsanlar arxayın olur ki, cəriməni hələ 1 ay
müddətində ödəyə bilərlər. Hərənin də bir problemi var. Sonra da
ödəmə yadından çıxır, amma protokolu, ya da KİV-də xatırlatma
görəndə birdən onun da cəriməsi olduğu yadına düşür. Hamı bilir ki,
qalan cərimə məbləğinin üstünə dəbbə pulu gəlir. Sürücülər Daxili
İşlər Nazirliyinin rəsmi internet saytına girib sürücülük
vəsiqəsinə dair rekvizitləri daxil edərək tez-tez özləri barədə
məlumata baxa, orada ödənilməmiş cərimə məbləği, cərimə balı barədə
məlumatları öyrənə bilərlər. Ola bilər ki, kimdəsə artıq 9-10
cərimə balı var. O anlamalıdır ki, bir dəfə də balla
qiymətləndirilən qayda pozuntusuna yol versə, onun sürücülük hüququ
məhdudlaşdırılacaq. Onlar belə şeylərə diqqət yetirməlidirlər. Bir
az xatırlatma işinə fikir vermək lazımdır ki, sürücünün, piyadanın
yadına düşsün ki, ona bir müddət əvvəl protokol yazılıb. Onun
aqibəti nə oldu? Sürücü fikirləşməlidir ki, cəriməni ödəmədiyi
təqdirdə bütün hallarda problemlə rastlaşacaq".
K.Əliyev həmçinin qeyd edib ki, cərimələrin
ödənilməməsi hallarından bir çoxu avtomobili etibarnamə ilə
satdıqdan sonra yaranır: "Belə ki, avtomobilin əvvəlki sahibi
hansısa qayda pozuntusu edir, sonra da deyir ki, maşını satıram və
problemlə rastlaşmayacağam, saxlayanda da maşını satdığım adamı
saxlayacaqlar, o da ödəyər. Amma fikirləşmir ki, 2 ay müddətinə
cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin saxlanması
barədə qərar çıxır. Həmin avtomobili kimin idarə etməsindən asılı
olmayaraq, o, saxlanılaraq duracağa qoyulur. Yəni cərimə
ödənilməyəndə avtomobili satdığı adamın yox, məhz həmin şəxsin
sürücülük hüququ məhdudlaşdırılır".
Şöbə rəisinin fikrincə, yol hərəkəti qaydalarını
pozduğuna görə barələrində inzibati protokol tərtib edilmiş sürücü,
sərnişin və piyadaların cərimələri vaxtında ödəməməsinə görə
cəzaların sərtləşdirilməsinə ehtiyac yoxdur. Onsuz da
qanunvericilikdə sərt cəzalar müəyyən edilib. Burada sadəcə hərdən
xatırlatmaya ehtiyac var: "Cərimə 3 iş günü ərzində ödənəndə o
şəxsə 10% güzəşt edilir. Cərimə 30 gün ərzində ödənməzsə, bundan
sonra artıq hər günə görə həmin cərimə məbləğinin üstünə 2%-i qədər
dəbbə pulu gəlir. Bu dəbbə pulu 3 aydan artıq olmamaq şərtilə
gəlir. Amma qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində
cərimə qanunla təyin edilmiş əsaslar olmadan ödənilmədikdə 2 aydan
sonra inzibati xətanı törədərkən istifadə olunan nəqliyyat
vasitəsinin saxlanması barədə qərar qəbul edilir.
Sərnişin və piyadalarla bağlı prosedur da eyni
qaydada aparılır. Sadəcə nəqliyyat vasitəsindən istifadə etmədiyinə
görə, sadəcə piyadanın və ya sərnişinin də barəsində inzibati
protokol tərtib edilibsə, ona da 3 gün müddətində güzəşt imkanı
verilir. Sonra 30 gün ərzində ödəməsə, 3 ay müddətində həmin şəxsə
dəbbə pulu hesablanır. Əgər 3 aydan sonra da cərimə məbləğini və
dəbbə pulunu ödəməsə, məsələ icbari icraya yönəldilir, yəni
məhkəməyə verilir. Məhkəmənin müvafiq qərarından sonra icraçılar
həmin şəxsin ya əmlakını müsadirə, ya da digər yollarla onun borclu
olduğu məbləğin ödənilməsini təmin edəcəklər. Ümumilikdə bu məsələ
İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə əsasən
tənzimlənir".