Mərkəzi Bankın qiymətli kağızlar siyasətinə baxışlar fərqləndi

4 Dekabr 2013 17:22 (UTC+04:00)

Məlum olduğu kimi son dövrlər dünya iqtisadiyyatında getdikcə dərinləşən maliyyə böhranı müşahidə olunmaqdadır. Belə bir şəraitdə dünya bazarında müəyyən dəyişikliklər özünü göstərir. Məsələn, bu gün qiymətli kağızlar sahəsində ucuzlaşma qeydə alınır və belə kağızlar gündən-günə dəyərdən düşür. Belə bir şəraitdə bir çox ölkələr sözügedən sahəyə yatırım etməkdən imtina edirlər. Maraqlıdır ki, qeyd edilənlər fonunda Azərbaycan Mərkəzi Bankı (AMB) ilkin mərhələdə Asiya bazarlarında 500-600 milyon dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir. AMB İdarə Heyəti sədrinin müavini Avtandil Babayevin sözlərinə görə, AMB artıq Asiya bazarlarında, ilk növbədə Sinqapur, Malayziya, İndoneziya, Cənubi Koreya bazarlarında iş görmək üçün yeni xarici menecerlərlə danışıqlar aparır. Həmçinin, Çin bazarı da Mərkəzi Bankın maraq dairəsinə daxildir. Babayev daha əvvəl bildirmişdi ki, AMB-nin valyuta ehtiyatlarından 400 milyon dollara yaxın məbləğ xarici menecerlərin idarəsinə verilib və Mərkəzi Bank belə vəsaitlərin həcmini 1 milyard dollaradək artırmaq niyyətindədir. 

Maraqlıdır, qiymətli kağızlara yatırılan vəsaitlər onların ucuzlaşması fonunda ölkəmizə hansısa təhlükə yaradırmı?

 Məsələ ilə bağlı ekspertlərin münasibəti fərqlidir. İqtisadçı ekspert Rəşad Həsənov saytımıza verdiyi açıqlamada dünyada qiymətli kağızlarının qiymətdən düşməsinin müvəqqəti xarakter daşısdığını bildirdi: "Dünya bazarlarında qiymətli kağızlarının qiymətinin azalması müvəqqəti xarakter daşıyır. Yəni, gələcəkdə böhranın təsirləri azaldıqda, yenidən qiymətli kağızlarda dəyər yüksələcək. Məhz bu prizmadan yanaşdıqda Mərkəzi Bankın qiymətli kağızlar alması fikrimcə, doğru addım sayıla bilər. Belə ki, ümumiyətlə, ən uğurlu əməliyyatlar zamanında atılmış addımlar nəticəsində baş verir". 

Ekspert Mərkəzi Bankın qiymətli kağızlara yatırım etməsini doğru addım sayır: "Mərkəzi Bankın hazırda qiymətli kağızlar almaq qərarı Neft Fondunun qızıl almaq qərarından daha uğurlu addımdır və hesab edirəm ki, müəyyən gecikmənin olmasına baxmayaraq, Bankın aktivlərinin yerləşdirilməsi və gəlirliliyinə müsbət təsir edəcək. O ki qaldı iqtisadiyyatımıza təsirinə, Mərkəzi Bankın gəlirlərinin artması dolayısı ilə bankın ölkənin maliyyə-bank sektorunda iştirakçılıq imkanlarını yüksələdə bilər ki, bu da həm dövriyyəyə nisbətən aşağı faizli vəsaitlərin daxil olmasına və həm də ölkənin valyuta ehtiyyatlarının artımına səbəb ola bilər. Lakin iqtisadiyyata bir başa təsirdən söhbət gedə bilməz".

İqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirdi. Ekspert iqtisadi böhran şəraitində qiymətli kağızlara yatırım etməyin hər zaman risk daşıdığını dedi: "Mərkəzi Bankın konkret olaraq hansı qiymətli kağızlara yatırım edəcəyi bu məsələdə çox önəmli amildir. Çünki, dünyada bəzi qiymətli kağızların dəyəri qalxırsa, bəziləri düşür. Yəni birjada bu şəkildə müəyyən balans tənzimlənir. Bu o demək deyil ki, bütün qiymətli kağızların dəyərdən düşməsi prosesi gedir. Məsələn, İKT sahəsində çalışan şirkətlər var ki, son dövrlərdə qiymətli kağızları son illərin ən yüksək həddinə çatıb. Bu səbəbdən, hansı sahələrin qiymətli kağızlarının alınmasından çox şey asılıdır. Amma təbii ki, hələ ki dünya iqtisadiyyatının təlatümlü bir dövründə yaşayırıq və ona görə də, qiymətli kağızlar vasitəsilə yatırım qoymaq və yaxud da yatırım etmək hər zaman risk daşıyır. Ona görə də, əsas məsələ hansı sahənin qiymətli kağızlarının alınmasından və onun necə idarə olunmasından asılıdır".