Səhiyyə Nazirliyi ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardakı təhlükə ilə bağlı xəbərdarlıq etdi
4 Dekabr 2013 17:21 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
(RGEM) qış mövsümü ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Mərkəzin
Qidalanma bölməsinin rəhbəri İmran Abdullayev Movqe.az-a
açıqlamasında bildirib ki, ötən mövsüm ev şəraitində
konservləşdirilmiş məhsullarda zəhərlənmə halları çox olduğundan
Mərkəz turşuların labarator müayinəsinə başlayıb: "Haızrda
yoxlamalar davam edir. Biz istehsal müəssisələrindən, satışdan
konservləşdirilmiş məhsullardan müayinələr götürərək labarator
şəraitdə yoxlayırıq. Amma baş verən hadisələr göstərir ki,
zəhərlənmələr daha çox ev şəraitində hazırlanan turşulardan
törəyir. Həmin məhsullar konservləşdirilərkən yaxşı yuyulub
təmizlənmədiyindən botulizm toksinləri üçün əlverişli şərait
yaranır. Həmin toksinlər isə zəhərlənməyə səbəb olur".
İ. Abdullayev toksinlərin miqdarı artıq olduqda zəhərlənmənin
ölümlə nəticələndiyini söyləyir. Onun sözlərinə görə, əhali
turşulardan istifadə edərkən diqqətli olmalıdır. Xüsusilə azyazşlı
uşaqlar, yaşlı insanlar, hamilə qadınlar ev şəraitində hazırlanan
konservləşdirilmiş məhsullardan uzaq durmalıdırlar. Biz evdə
hazırlanan turşunu açıb yoxlaya bilmərik. Ona görə də məsləhət
görürük ki, sənaye üsulu ilə isyehsal edilən konservləşdirilmiş
məhsullardan istifadə etsinlər.