Azerbaycan kitabları Türkiyədə tanınacaq

5 Dekabr 2013 17:44 (UTC+04:00)

Türkiyədə yaşayan bir neçə xanım birləşərək "Azərbaycan Aydın Qadınlar Qrupu" adlı təşkilat yaradıb. Bu təşkilatı yaratmaqda məqsəd, Azərbaycan ədəbiyyatını qardaş ölkədə tanıtmaqdır. Təşkilatdan Mövqe.az a verilən məlumata görə, xeyli vaxtdır ki, Türkiyədə fəaliyyət göstərən kitab evləri və satış mərkəzlərində müşahidə aparılıb. "Ancaq, təəssüflər olsun ki, əksər xalqlardan fərqli olaraq, Azərbaycan yazarlarının kitablarına rast gəlinməyib. Hətta orada erməni və gürcü yazarlarının kitablarına da rast gəlmək mümkündür. Səbəbini araşdırdıqda isə bəlli olub ki, bu kitabların əksəriyyəti adıçəkilən ölkələrin diaspor təşkilatları və hansısa iş adamının sponsorluğu ilə dərc olunub. "Azərbaycan Aydın Qadınlar Qrupu" olaraq bu yöndə yeni layihəyə başlamaq və ildə bir neçə yazarımızın kitabını tərcümə edib Türkiyədə təbliğ etmək qərarına gəldik. Çox sevindirici haldır ki, bu işdə bizə görüşdüyümüz bəzi diaspora təşkilatlarımız da dəstək verəcəklərini bildirdilər".

Qrupun rəhbəri Cahidə Ocaq əlavə olaraq bildirib ki, bu günə kimi Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğu (TÜDİAT) rəhbərləri, Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəz Şurası üzvü Cavid Əliyev, həmçinin Azərbaycan türkləri və Dost Dərnəklər Federasiyası rəhbəri İsa Ambarcıyla görüşülüb. Onlar da öz növbələrində bu mövzuda hər zaman təşkilatın yanında olacaqlarını bəyan ediblər