Abdullah Gül: Türkiyə Xəzər hövzəsinin həqiqi potensialının reallaşmasını dəstəkləyir

5 Dekabr 2013 17:59 (UTC+04:00)

İstanbulda keçirilən III Xəzər Forumunun açılışında Türkiyə Prezidenti Abdullah Gülün forum iştirakçılarına müraciəti oxunub.Mövqe.az-ın məlumatına görə, müraciətdə Ankaranın Xəzər hövzəsinin həqiqi iqtisadi potensialının reallaşmasını dəstəklədiyi bildirilib.

Müraciətdə qeyd olunur ki , Xəzər bölgəsinin iqtisadi potensialının reallaşması üçün mövcud işbirliyi mexanizmləri işlənilməli, qarşılıqlı fayda verə biləcək iş modelləri üzərində çalışılmalıdır: "Xəzər hövzəsində olan iqtisadi potensialın reallaşması üçün 1990-cı illərdən bu günə qədər önəmli iqtisadi layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri həyata keçirildiyi zaman əsrin layihəsi kimi qiymətləndirildi. Bununla yanaşı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Cənub Dəhlizinin ayrılmaz hissəsidir".

Abdullah Gülün müraciətində bildirilir ki, regiondakı dondurulmuş münaqişələrin həlli istiqamətində atılan addımlar tezləşdirilməlidir: "Bütün beynəlxalq güclərin sülh üçün iş fəaliyyətlərini davam etdirməsi bizim üçün öndə gələn məsələlərdən biridir".

Müraciətdə qeyd olunur ki, enerji, ticarət və nəqliyyat sahələri başda olmaqla, bir çox sahələrdə böyük iş imkanları mövcuddur: "Hazırda Azərbaycanla həyata keçirilən TANAP layihəsi önəmli layihələrdən biridir və ilkin mərhələdə "Şahdəniz" yatağından çıxarılan qazı Türkiyədən tranzit olaraq Avropaya çatdıracaq".

Müraciətdə bildirilir ki, bölgədəki digər önəmli layihələrdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir ki, bu layihənin gələn il təhvil verilməsi nəzərdə tutulur.