NATO-da “Azərbaycandan olan rəy formalaşdırıcıları” adlı seminar başlayıb

6 Dekabr 2013 12:12 (UTC+04:00)

Dekabrın 5-də Belçikanın paytaxtı Brüsseldə yerləşən NATO baş qərargahında "Azərbaycandan olan rəy formalaşdırıcıları" (Opinion Formers From Azerbaijan) adlı seminar başlayıb. Movqe.az-ın APA-ya istinadla verdiyi məlumata görə, tədbirin birinci günündə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi, xanım Despina Afentuli, NATO-nun Avroatlantik inteqrasiya və tərəfdaşlıq departamentin rəhbəri Ceyms Makey, İctimai diplomatiya bölməsinin əməkdaşı Daniele Riqqio, alyansın əməkdaşlıq və regional təhlükəsizlik proqramının nümayəndəsi Aleksandr Defazio və Azərbaycanın NATO-dakı missiyasının nümayəndələri məruzələrlə çıxış edərək, iştirakçılara alyansın fəaliyyəti və Azərbaycanın tərəfdaş ölkə olaraq layihələrə verdiyi töhfələr barədə danışıblar.

 

Çıxışçılar Azərbaycanı NATO-nun ən fəal tərəfdaşı adlandıraraq bildiriblər ki, digər tərəfdaşlardan fərqli olaraq, Bakı NATO ilə 300-ə yaxın tədbir keçirib, halbuki digər tərəfdaşlarda bu rəqəm 30-40-dır. Məruzəçilər deyiblər ki, NATO ilə Azərbaycan arasında əməkdaşlıq ötən əsrin 90-cı illərindən başlayıb və o vaxtdan bəri Bakı alyansın layihələrində çox aktiv iştirak edir və hazırda Əfqanıstanda keçirilən əməliyyatlara və layihələrə böyük töhfələr verir.

 

NATO-nun təmsilçiləri eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə toxunaraq təşkilatın bu münaqişənin həlli ilə bağlı mövqeyini ifadə ediblər. Daha sonra məruzəçilər iştirakçıları maraqlandıran suallara cavab veriblər.

 

Tədbir dekabrın 6-da NATO-nun Enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühlenin məruzəsi və dəyirmi masa arxasında müzakirələrdən sonra tamamlanacaq.

 

Qeyd edək ki, NATO baş qərargahı tərəfindən təşkil olunan səfərdə Azərbaycanın müxtəlif təşkilatlardan, tədqiqat müəssisələrindən, KİV-dən olan 11 nəfərlik nümayəndə heyəti iştirak edir.