Bank reklamları vətəndaşları çaşdırır, yoxsa...? (ARAŞDIRMA)
6 Dekabr 2013 16:25 (UTC+04:00)
Ölkənin bank sektorunda kredit faizlərinin
dərəcələrinin aşağı salınması ilə bağlı işlər görülsə də, yenə də
qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox
yüksəkdir. Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü
məbləğin 2-6 % civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm
iki, bəzən də üç dəfə yuxarı olur. Bundan başqa bir çox bank
reklamlarında faizlərdə bir müddətlik endirimlər və ya
dəyişikliklər olduğunu söyləyirlər. Təbii ki, əhali də reklamda
qeyd olunan faizlərlə daha sərfəli kreditlər əldə edə bilmələri
üçün həmin banklara müraciət edir. Bizə daxil olan şikəyətlərdən də
anlamaq olur ki, bəzi banklar əhalini çaşdıra biləcək reklam
üsullarından istifadə edirlər. Həmçinin kredit verilərkən komisyon
haqlarının əlavə olaraq müştərinin kredit məbləğindən çıxılması
kimi hallar da müşahidə olunur.
Ekspertlərin araşdırması isə göstərir ki,
müştərilərin əksər hissəsi kredit müqavilələrini oxumadan
müqaviləyə qol çəkirlər. Əslində onlar bankların aldadıcı
elanlarına inanaraq gəlirlər və daha ağır şərtlərlə hazırlanmış
kredit müqavilələrinə özləri də bilmədən imza atırlar. Bu da
bankların vətəndaşları aldadaraq onlardan daha çox vəsait almasına
gətirib çıxarır. Burada uduzan tərəf isə vətəndaşlar
olur.
Bank mütəxəssisi Ramil Bayramov ANS PRESS-ə
açıqlamasında bildirdi ki, belə hallar baş verirsə, bu bankların
səhvi yox, vətəndaşların maliyyə savadsızlığından irəli gəlir. Bank
nümayəndəsinin fikrincə, bank sahəsində ağır terminlərin olması da
vətəndaşlarda bəzən çaşqınlıq yaradır:
"Bizim bankın saytında bank kreditləri və faiz
dərəcələri ilə bağlı ətraflı məlumatlar yerləşdirilir. Ola bilər
ki, bu məlumatlar vətəndaşlar tərəfindən düzgün anlaşılmır. Bizim
bank saytımızda kreditin düsturu da verilir. Müştəri bank
mütəxəssisinə yaxınlaşdıqda, ona ətraflı məlumat verilir. Mən
düşünmürəm ki, bu faiz hesablanarkən faizin göstəriləndən yuxarı
göstərilməsi halları olsun. Əgər bu cür hallar baş verirsə, deməli
bu müştərinin maliyyə savadsızlığından irəli gəlir. Çünki bank
mütəxəssisi daha dəqiq hesablayır və orada səhv etimalı
yoxdur".
Mərkəzi Bankın İnkişaf departamentinin sədri Asim
Cahangirov isə ANS PRESS-ə müsahibəsində, ölkədə vətəndaşların
maliyyə savadlılığını artırmaq üçün genişmiqyaslı işlərin
görüldüyünü söylədi:
"Artıq bu maliyyə savadlılığı ilə bağlı
məlumatlandırıcı bukletlər hazırlamışıq. Biz bu təbliğatı sosial
şəbəkələr vasitəsi ilə də yayırıq. İnsanlar bankların faiz
dərəcələrini Mərkəzi Bankın təqdim etdiyi faiz kalkulyatorları ilə
də müəyyənləşdirə bilərlər. Bu isə vətəndaşların yanlış
hesablamarının və yaranan səhvlərin qarşısını ala bilər. Mərkəzi
bankın əsas fəaliyyəti ona yönəlib ki, vətəndaşların aldanma
halları baş verməsin".
Qeyd edək ki, vətəndaşların hüquqları "Reklam
haqqında" qanun və "İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında" qanunan əsasən qorunur.