Əla qiymətin əvəzi: atalar və analar, bu fəndləri bilirsiniz?
6 Dekabr 2013 17:28 (UTC+04:00)
Qiymətlər uşaqların dərs həyatında önəmli yer
tutur. Dərslərini yaxşı oxuyan şagirdlər əla qiymətlərlə dolu
gündəliklərini valideynlərinə göstərməyi səbirsizliklə gözləyirlər.
Əksər hallarda onlar valideynlərindən bunun qarşılığı olaraq
hədiyyə də tələb edirlər. Zəif oxuyan, qiymətləri aşağı olan
şagirdlər isə min bir bəhanə ilə gündəliyi valideyndən gizlətməyə
çalışırlar. Axı o aldığı zəif qiymətin qarşılığında cəza, töhmət,
danlaq eşidəcəyinə əmindir.
Psixoloqlar bildirirlər ki, daim bu hisslərlə
yaşayan uşaqların dərs qavrama səviyyəsi kifayət qədər aşağı enir,
nəticə isə çox vaxt cəza və tətil boyu uşağı kitablarla baş-başa
qoymaq olur. Belə olan halda dərsin daha da yaxşı qavranılacağını
düşünən valideynlər əslində səhv etmiş olurlar. Çünki dərs
səviyyəsi aşağı olan şagirdlərin əksəriyyətinin zəifliyi oxumamağa
görə deyil, düzgün qidalanmamaq, dincəlməmək, eləcə də ailədə olan
anlaşılmazlıqlardan irəli gəlir. Psixoloqlar bu fikirdədirlər ki,
danlaq insanın iş qabiliyyətini zəiflədir, onu daha da
tənbəlləşdirir, işə yaramaz olduğu hissinə qapılmasına sürükləyir.
Nəticədə oxusa da, bacara bilməyəcəyi hissinə qapılan şagird ipin
ucunu buraxır.
Aşağı siniflərdən yaranan biganəliyin qarşısını
isə yuxarı siniflərə qalxdıqca almaq olduqca çətin olur. Belə bir
halın yaşanmaması üçün psixoloqlar valideynlərə daha diqqətli
olmağı, uşaqla, eyni zamanda onun dərsləri ilə daha çox
maraqlanmağı məsləhət görürlər. Zəiflik zamanı danlamaqla deyil,
danışmaqla ünsiyyət qurmağın əhəmiyyətini vurğulayan psixoloqlar
onu da əlavə edirlər ki, dərs performansının yüksəldilməsi naminə
hansısa şagirdi tərifləmək uşağın daha da aqressivləşməsinə və heç
vaxt mükəmməl ola bilməyəcəyi hissinə qapılmasına səbəb ola bilər.
İstənilən halda uşaqlara qarşı mehriban olmaq və hər davranışına
uyğun onu qiymətləndirmək onların düzgün istiqamətlənməsinə səbəb
olacaq.
Məktəb müəllimi, eyni zamanda 2 uşaq atası olan
Mehman Əliyevin sözlərinə görə, istər valideyn, istərsə də müəllim
olaraq şagirdin zəifliyində onların da əli var. Dərs
materiallarının ağırlaşdığını nəzərə alıb uşaqların təlimi ilə
birbaş məşğul olmaq lazımdır:
"Bəzən valideynlərin səhvi onda olur ki, o, "hələ
aşağı sinifdir" deyib uşağı diqqətsiz qoyur. Qiymət alma əsnasında
valideyn uşağın ümumi nəticəsinə baxıb onu ya tərifdən göyün üzünə
qaldırır, ya da tənqiddən ağlamağa qədər gətirib çıxarır. Dərs
nəzarəti o demək deyil ki, uşağı otağa salıb kitabları qabağına
tökməlisən. Dərsi soruşmaq var, zəif olduğu yerləri yenidən
öyrənməsini tələb etmək var. Valideyn uşağının zəifliyindən
müəllimi günahkar çıxarır, amma bilməlidir ki, müəllim 25 uşaqla,
valideyn isə 1 uşaqla məşğul olur. Belə olan halda tamamilə
müəllimi günahkar çıxarmaq nə qədər düzgündür? Müəllim o halda
günahkardır ki, o, dərsi izah etmir, başa salmır, dərs keçmir.
Yoxsa problem ailə və şagirddədirsə, müəllimin günahı
yoxdur".
Məktəb psixoloqu Cəmilə Dadaşovanın fikrincə,
uşaqların dərsə həvəslənməsi üçün tədbir görmək lazımdır. Onun
sözlərinə görə, valideyn yaxşı oxuyan şagirdinə "5 al, sənə oyuncaq
alacağam" deyə şirnikləndirici vədlər verməməlidir. Belə vədlər
uşaq üçün birmüddətlik həvəsləndirici rol
oynayacaq:
"Çox tez-tez rastlaşdığımız bir haldır ki,
valideyn övladını hansısa vəd verərək həvəsləndirir və daha yaxşı
qiymət almasına çalışır. Səhv məhz buradadır. Önəmli olan dərsdən
əla qiymət almaq deyil, həmin dərsi qavramaq, bir müddət sonra
təkrarlamaq və yadda saxlamaqdır. Vəd qarşılığında oxunan dərs
yadda əla qiyməti alıb vədə sahib olana kimi qalır. Beləliklə,
valideyn yaxşılıq etdiyini zənn edərək yamanlıq edir. Valideyn həm
özü başa düşməli, həm də uşağa başa salmalıdır ki, vacib olan
qiymət deyil, dərsin qavranılmasıdır. Gündəlikdə olan qiymət
hədiyyə üçün deyil, o dərsin bundan sonra da bu cür yadda qalması
üçündür. Uşaq əla qiymətə tez öyrəşir, zəif qiyməti isə həzm edə
bilmir. Əgər valideyn bir dəfə "eybi yox, zəif qiymət almısan,
canın sağ olsun" deyərsə, o zəif qiymətlərin ardı da mütləq
gələcək. Bu zaman danlamaq qətiyyən çıxış yolu olmamalıdır.
Danışaraq zəif qiymətin pis olduğunu, istəsə yenidən qiymətini
qaldıra biləcəyini izah etmək, bu istiqamətdə kömək etmək lazımdır.
Heç bir halda uşaq hədiyyələrlə dəstəklənməməli, danlaq ilə
cəzalandırılmamalıdır".
Əksər valideynlər övladlarının qətiyyən dərsə
yaxın gəlmək istəmədiyindən şikayətlənirlər. Onlar heç cür başa
düşmürlər ki, bu nədən irəli gəlir. Dərs oxumaqdan başqa heç bir
işi olmayan balacalar nə üçün kitabdan uzaqlaşır, uzunmüddətli dərs
oxuya bilmirlər? Müsahibimizə görə, bu davranışın çox sadə səbəbi
var. Belə ki, onun sözlərinə görə, uşaqlar sadəcə olaraq onlarda
rahat alınan şeyləri xoşlayırlar və özlərini zəhmətə salmaq
istəmirlər.
"Tez bir zamanda sürətli mütaliəyə alışmaq hər
uşaqda alınmadığından, əziyyətlə hərfləri sözlərə bir-bir əlavə
etməkdənsə, onlar rahatca televizor və kompüter qarşısında
əyləşməyə üstünlük verirlər. Axı burada hər şey rahat anlaşılır və
aydındır. Kitab isə televizor və kompüter qədər maraqlı deyil,
üstəlik, yadda saxlamaq, əzbərləmək, unutmamaq
lazımdır".
Öz uşaqlarında dərs oxuma sevgisini
yaradacaqlarına ümidlərini itirməmiş valideynlər mütəxəssislərin
məsləhətlərinə qulaq asmalıdırlar. Mütəxəssislər isə bildirirlər
ki, əsas olan kitabın oxunma müddətinin uzunluğu deyil,
mütəmadiliyidir. Yəni dərsi oxumaq uzun müddətli yox, qısa
fasilələrlə və tez-tez olmalıdır. Çünki insan yaddaşı uzun müddət
gözün qarşısında duran məlumatı yox, gözün önündən çəkilən və
yenidən görünən məlumatı daha yaxşı yadda saxlayır. "Övladınıza
maraqla dərs oxumanı öyrətmək üçün onunla kiçik fasilələrlə, bir
məşğələni 5 dəqiqəlik hissələrə bölərək, məşğul olun. Onu iki saat
ardıcıl olaraq kitab arxasında oturmağa vadar etməyin, bu, uşaqda
kitab oxumağa qarşı nifrət yaradacaq. Öyrəndiyi məlumatları
müxtəlif vaxtlarda sanki siz unudubmuşsunuz kimi uşaqdan soruşmaq
onu daha da öyrənməyə vadar edəcək. Hər dəfəsində sanki bir daha
danışsa, daha əla olacaqmış kimi davranmaq uşaqda öyrəndiyini
kiməsə danışmaq həvəsi də yaradacaq ki, bu da şagird üçün vacib bir
vərdişdir".
Psixoloq bildirir ki, dərslərin mütəmadi
öyrənilməsi təqdirdə uşaqda geriləmə varsa, digər amillərə də
diqqət yetirmək lazımdır. Ailədə diqqət zəifliyi, uşağın dostları
ilə dil tapa bilməməsi, utanması, sinif qarşısında danışa
bilməməsi, kompleksə girməsi də müvəffəqiyyəti əngəlləyən
səbəblərdəndir:
"Dərs qiymətləri neçə olur-olsun, valideyn
reaksiyasını kəskin formada göstərməməlidir. Bu halda uşaq gələcək
addımlarında da valideyndən reaksiya gözləyəcək. Bu da onun asılı
hala düşməsinə səbəb olacaq. Şagird müəllimindən asılı olmalı,
valideyndən isə dəstək almalıdır. İstənilən halda valideyn,
müəllim, məktəb psixoloqu birlikdə çalışmalıdır. Tam sağlam olan
uşağın dərslərində müvəffəqiyyətli olmaması üçün heç bir səbəbi
yoxdur. Düzgün qiymətləndirmə sistemi və davranışla uğur əldə etmək
mümkündür".
Ekspress.az