Milli Məclisdə Azərbaycan banklarında mövcud kredit faizlərinin aşağı salınmasına dair müzakirələr aparılıb
6 Dekabr 2013 20:38 (UTC+04:00)
Azərbaycanda banklarda mövcud kredit faizlərinin
aşağı salınmasına dair müzakirələr aparılır. Trend xəbər verir ki,
Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən
iclasında banklarda yüksək fazilə kreditlərin verilməsindən
narahatlıq ifadə olunub.
Millət vəkili Vahid Əhmədov deyib ki, Milli Məclis
bank faizlərinin aşağı salınması məsələsini müzakirə edib, bununla
bağlı mövqeyini ortaya qoymalıdır: "Biz bu məsələni bir daha
dəyərləndirib bununla bağlı öz tövsiyələrimizi verməliyik. Bank
faizlərinin yüksək səviyyədə olması bu gün cəmiyyətdə ciddi
narazılığa səbəb olan amillərdəndir. Müzakirələrdə bankların da
üzləşdiyi problemlər ortaya qoyulmalıldır. Biz bilməliyik ki, bu
sahədə nə baş verir? Bəlkə bankların normal fəaliyyət göstərməsi
üçün dövlət tərəfindən 3 milyard manat vəsait ayrılmalıdır ki,
onlar üzləşdiyi problemləri həll etsinlər".
İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz
Əsədullayev isə bildirib ki, bu məsələ artıq hökumətin də diqqət
mərkəzindədir. Onun sözlərinə görə, yüksək risk olan yerdə yüksək
faizlərin olması labüddür, lakin mövcud bank faizləri ilə kiçik və
orta biznesi inkişaf etdirmək mümkün deyil. Əsas məsələ faizləri
endirmək üçün mənbələrin tapılmasıdır: "Ən əsası, əmanətlərin
banklara axınına şərait yaradılmalıdır. Əsas odur ki, problemin
həlli yolları aranır və bu yaxınlarda bu məsələyə baxılacaq. Amma
bu məsələni ictimailəşdirmək düzgün deyil. Bu, bankların ziyanına
işləyər. Çünki əhali hesab edəcək ki, bu məsələ gündəlikdədir, onda
da başlayacaqlar kredit faizlərini ödəməməyə".
Ç.Əsədullayev qeyd edib ki, bu məsələyə Mərkəzi
Bank tərəfindən artıq reaksiya verilib və bu reaksiya yenə də
olacaq: "Bundan əlavə, bu məsələ bu gün Əmanətlərin Sığortalanması
Fondunda artıq ciddi müzakirə olunub. Mən sizə söz verirəm ki, bu
məsələdə müsbət addımlar olacaq".
Komitə sədri Ziyad Səmədzadə də bu məsələdən
narahatlığını ifadə edib. O qeyd edib ki, bankların monitorinqi
aparılmalı, onların "Reklam haqqında" Qanuna nə dərəcə riayət
etməsi yoxlanılmalıdır: "Dünyanın hər yerində faiz dərəcələri ilə
bağlı avtobuslarda reklam qadağandır. Amma bizdə avtobusun hər
tərəfində yazılır ki, "yumurta qiymətinə kredit". Axı yumurta
qiymət əmsalı, ölçü vahidi deyil. Bu, qanuna
ziddir".
Onun sözlərinə görə, Mərkəzi Bankın İdarə
Heyətinin sədri Elman Rüstəmov da qeyd edib ki, bank faizlərinin
aşağı salınması ilə bağlı məsələ gündəlikdədir: "Mən sizə söz
verirəm ki, komitə üzvləri Mərkəzi Bankın rəhbərliyi və digər
aidiyyəti qurumlarla görüşüb mövcud problemi birgə müzakirə
edəcəyik".