Məhkəmə Dövlət Komitəsinin sədr müavininin əməlində inzibati xəta tərkibinin olmadığına qərar verib

6 Dekabr 2013 20:17 (UTC+04:00)

"Rəşad" Kiçik Müəssisəsinin Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradovla məhkəmə çəkişməsi olub.

Nəsimi Rayon Məhkəməsində bu il iyulun 31-də müəssisənin şikayəti əsasında sədr müavininin İnzibati Xətalar Məcəlləsinin 313-1.1 maddəsi ilə inzibati xəta törətməsi haqqında işə baxılıb.

 

Məhkəmə İ.Muradovun əməlində inzibati xəta tərkibi olmadığını əsas gətirərək, işə xitam verilməsi barədə qərar qəbul edib. Bundan sonra iddiaçı "Rəşad" KM-nin nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi də 23 sentyabr 2013-cü il tarixində şikayətə baxaraq, Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin saytında da qeyd olunub. Lakin saytda iddiaçı tərəfin adı qeyd olunmayıb. Elə bu səbəbdən APA-nın bu məhkəmə işi ilə bağlı yaydığı ilk məlumatda yanlış olaraq İ.Muradovun cərimələndiyi qeyd olunub.