“Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” başlayır

29 May 2012 12:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 31 may - 1 iyun 2012 tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə "Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu" keçiriləcək.

Simpoziumda Azərbaycan və Türkiyədən təsəvvüf, şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi, davamçıları haqqında 50-dən çox alim məruzə edəcəkdir. Simpoziumla yanaşı Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının iştirak edəcəyi konsertlər təşkil olunacaq. 

Məlumat üçün bildirək ki, Amasiyada yaşayan azərbaycan türkləri özlərini bura ilk gələn təsəvvüf alimlərindən İsmayıl Şirvaniyə görə şirvanlılar adlandırır, Amasiya və ətrafında geniş yayılmışlar. İsmayıl Şirvani və Həmzə Nigarinin türbələri Amasiya şəhərində olub, ardıcılları tərəfindən həmişə ziyarət edilmişdir. Həmzə Nigarinin Divanı həm Türkiyədə, həm də Azərbaycanda zaman-zaman mədrəsələrdə, şeir məclislərində oxunub.

Qarabağ ədəbi irsinin Amasiyada Həmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir, araşdırılmağa hər zaman ehtiyac duyulur.