Süfrəmizdəki bomba effektli qatil: bir ədədi bəsdir...
7 Dekabr 2013 13:11 (UTC+04:00)
Bir neçə gün əvvəl Sumqayıtda bir ailənin dörd
üzvü pomidor turşusundan zəhərlənib. Sumqayıt Şəhər Polis
İdarəsindən verilən məlumata görə, şəhər sakinləri Nazilə, Rəna,
Könül və Natiq Qasımovlar pomidor turşusundan zəhərlənmə ilə
xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma
aparılır.
Ümumiyyətlə, payız-qış fəsillərində turşudan,
xüsusilə də pomidor turşusundan zəhərlənmə hallarına tez-tez rast
gəlinir. Ağır zəhərlənmələr verən turşular əslində düzgün
qoyulmadıqda ölüm mənbəyi olur. ToksikoloqHəcər Şahmuradovanın sözlərinə görə,
bəzən bir pomidor belə insanın həyatı ilə oynamağa kifayət edir:
"Rayonlarda kim necə gəldi turşu qoyur. Keyfiyyətinə fikir
vermirlər. Əgər pomidor turşusunun balonunda bircə pomidor çürük
olsa, bu, ölüm deməkdir. Camaat turşu ilə zarafat edir. İnanmırlar
ki, zəhərlənərlər".
Həmsöhbətimiz deyir ki, zəhərlənmə baş verəndə
birinci növbədə bunun səbəbi müəyyənləşməlidir. "Yalnız səbəb
ortaya çıxandan sonra onun niyə baş verdiyini və turşunun zəhərli
olduğunu qabaqcadan necə bilməyin mümkün olduğunu söyləmək olar.
Adətən turşunun olduğu qabın qapağı çox pas atmamalı, çox
şişməməlidir. Mikroblar içəridədirsə, qapaq şişməyə başlayır. Bəzən
elə ailələr olur ki, qapaq atdıqdan sonra turşu ziyana getməsin
deyə, onu yeyirlər. Bu isə birbaşa zəhərlənməyə səbəb olur. Bu
zaman bankada yaranan botulizm mikrobu inkişaf edir və qidalanma
zamanı zəhərlənmə gedir. Bu da müxtəlif insanlarda özünü bir cür
büruzə verir. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o,
ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə
nəticələnir. Kəskin zəhərlənmə zamanı orqanizmə birdən-birə çoxlu
miqdarda toksik maddə daxil olur. İlk yardım zamanı öncə zəhərin nə
olduğu, nə qədər qəbul edildiyi, hansı yolla qəbul edildiyi, nə
qədər vaxt keçdiyi nəzərə alınmalıdır".
Turşu adətən evlərdə kustar üsulla hazırlanır ki,
evdə konservləşdirilən bu məhsullardan istifadə zamanı problemlər
yaranır. Belə ki, həmin məhsullar hətta ölümlə nəticələnmək riski
yüksək olan botulizm hallarına gətirib çıxarır. İnsanlarda botulizm
iti gedişata malik olmaqla üç əsas sindromla xarakterizə edilir ki,
onlardan biri ümumi intoksikasiya adlanır. İkincisi mədə-bağırsaq,
nəhayət, sonuncusu paralitik sindromdur. Onlardan birincisi olan
ümumi intoksikasiya sindromu zamanı xəstələrdə ümumi halsızlıq, baş
ağrısı, baş gicəllənməsi halları qeydə alınır. Mədə-bağırsaq
sindromu üçün xarakterik əlamətlər qarın nahiyəsində ağrılar, ürək
bulanması, qusma, sutkada 4-10 dəfə ishaldır. Paralitik sindrom
üçün ağız boşluğunun quruması, meteorizm xarakterikdir. İnsanlarda
xəstəliyə yoluxmadan bir neçə saat sonra, bəzən bir-iki sutka
keçdikdən sonra görmə qabiliyyətinin pozulması, gözün hərəkətli
sinirlərinin zədələnməsi ilə bağlıdır. Xəstəlik zamanı hətta ağır
hallarda belə orqanizmin daxili bədən temperaturu normal qalır,
xəstəlik zamanı ölüm halları 20-70 faizdir.
Qeyd edək ki, çoxları turşunu necə hazırlamağı
bilmirlər. Buna çox səthi yanaşırlar. Təkcə məhsulun özü deyil,
onun bağlanacağı qab da təmiz yuyulmalıdır. Qapaqlara vaxtaşırı
nəzər yetirilməli, qapaqları paslanmış, qalxmış turşular
atılmalıdır. Əks halda zəhərlənmə riski hər zaman olacaq.
Mütəxəsislərin fikrincə, plastik qablarda satılan və istehsal
tarixi yeni olan turşulara üstünlük vermək
lazımdır.
Bu arada, Səhiyyə Nazirliyinin Respublika Gigiyena
və Epidemiologiya Mərkəzi (RGEM) qış mövsümü ilə əlaqədar əhaliyə
xəbərdarlıq edib. Mərkəzin Qidalanma bölməsinin
rəhbəri İmran
Abdullayev "movqe.az"a bildirib ki,
ötən mövsüm ev şəraitində konservləşdirilmiş məhsullarda zəhərlənmə
halları çox olduğundan Mərkəz turşuların labarator müayinəsinə
başlayıb: "Hazırda yoxlamalar davam edir. Biz istehsal
müəssisələrindən, satışdan konservləşdirilmiş məhsullardan
müayinələr götürərək laborator şəraitdə yoxlayırıq. Amma baş verən
hadisələr göstərir ki, zəhərlənmələr daha çox ev şəraitində
hazırlanan turşulardan törəyir. Həmin məhsullar
konservləşdirilərkən yaxşı yuyulub təmizlənmədiyindən botulizm
toksinləri üçün əlverişli şərait yaranır. Həmin toksinlər isə
zəhərlənməyə səbəb olur".
İ.Abdullayev toksinlərin miqdarı artıq olduqda
zəhərlənmənin ölümlə nəticələndiyini söyləyir. Onun sözlərinə görə,
əhali turşulardan istifadə edərkən diqqətli olmalıdır. Xüsusilə
azyazşlı uşaqlar, yaşlı insanlar, hamilə qadınlar ev şəraitində
hazırlanan konservləşdirilmiş məhsullardan uzaq durmalıdırlar. Biz
evdə hazırlanan turşunu açıb yoxlaya bilmərik. Ona görə də məsləhət
görürük ki, sənaye üsulu ilə isyehsal edilən konservləşdirilmiş
məhsullardan istifadə etsinlər.