Kürdəmirdə polis mayorunun 16 yaşlı oğlu avtomobillə piyadanı vuraraq öldürüb

9 Dekabr 2013 15:48 (UTC+04:00)

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gün axşam Kürdəmir şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Kürdəmir şəhər sakini, 1997-ci il təvəllüdlü Sadıqzadə Rahim İbrahim oğlu idarə etdiyi 90 HK 306 dövlət nömrə nişanlı "Hyundai SantaFe" markalı minik maşını ilə yolu keçən piyadanı, 1948-ci il təvəllüdlü Hümbətova Şükufə Qaraş qızını vurub. 65 yaşlı qadın aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, hadisəni törədən 16 yaşlı Rahim Sadıqzadə Kürdəmir rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Rahim Sadıqzadənin oğludur.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.