Millimiz Qran-Prinin mütləq qalibi oldu
9 Dekabr 2013 21:00 (UTC+04:00)
Azərbaycan milli komandası 5-8 dekabr tarixləri
arasında Bakıda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının
IWF Qran-Prix - II Beynəlxalq Bakı Kubokunun mütləq qalibi
olub.
Trend Ağır Atletika Federasiyasının saytına istinadən xəbər
verir ki, yarışda 24 ölkədən 60 atlet körpücük üzərinə çıxıb.
İdmançılar 4 çəki dərəcəsində - qadınlar 53 və 58 kq, kişilər 62 və
69 kq-da mübarizə aparıblar.
Qadınların komanda yarışında Azərbaycan milli
komandası 1-ci yeri tutub.Kristina
Yovunun 53 kq çəki dərəcəsində qızıl,
eyni çəkidə Yuliya
Derkaçın gümüş medal qazanması ölkəmizi
turnirin lideri edib. 58 kq-da Silviya Angelova və Mərziyyə
Məhərrəmovanın da çıxışları ilə
komandamız toplamda 265 xalla 1-ci olub. İkinci yeri 140 xalla
Rumıniya, üçüncülüyü isə 138 xalla Ukrayna yığması
qazanıb.
Qadınlarımız medal sayında da 5 medalla - 3 qızıl,
2 gümüş - hamını üstələyiblər. İkinci pillədə 4 medalla - 2 qızıl,
2 gümüş - Çin, üçüncü yerdə isə 3 medalla - 1 qızıl, 2 gümüş -
Rumıniya atletləri qərarlaşıblar.
Qadınların fərdi mübarizəsində Kristina Yovu
turnirin ən yaxşı atleti seçilib. O, toplamda 208 kq (95 kq + 113
kq) nəticə ilə Sinkleyr cədvəli üzrə 314,0887 xal qazanıb və ən
yaxın izləyicilərini təxminən 10 xal qabaqlayıb. İkinci yeri
Çinli Venq Şuay (302,5176 xal), üçüncülüyü isə
rumıniyalı Elena
Toma(299,6475 xal)
tutub.
Kişilərin komanda yarışında da Azərbaycan milli
komandası 1-ci yeri tutub.Valentin
Xristovun 62 kq çəki dərəcəsində qızıl,
eyni çəkidə Yuri
Dudoqlonun gümüş, 69 kq çəki
dərəcəsində Firudin
Quliyevin qızıl medal qazanması ilə
ölkəmiz Qran-Prinin aşkar lideri adını qazanıb. Bu nəticələrlə
Azərbaycan yığması 243 xalla ən yaxşı komanda olub. İkinci yeri
bizdən təxminən iki dəfə az - 126 xal qazanan Çin, üçüncülüyü isə
119 xalla Macarıstan yığması tutub.
Kişilərimiz medal sayında da şəksiz qalib olublar.
Komandamız 9 medalla - 6 qızıl, 3 gümüş - rəqiblərini bir baş
üstələyiblər. İkinci pillədə 3 medalla - 2 gümüş, 1 bürünc -
Rusiya, üçüncü yerdə isə 1 medalla - 1 gümüş - Polşa atletləri
qərarlaşıblar.
Kişilərin şəxsi mübarizəsində isə üç ən yaxşı
atletin üçü də Azərbaycan milli komandasının üzvü olub. 62 kq çəki
dərəcəsində Qran-Prinin ikiqat qalibi adını qazanan Valentin
Xristov turnirin ən yaxşı atleti seçilib. O, toplamda 292 kq (127
kq + 165 kq) nəticə ilə Sinkleyr cədvəli üzrə 426,0584 xal qazanıb.
İkinci yeri Qran-Prinin digər ikiqat qalibi olan, 69 kq çəki
dərəcəsində bütün rəqiblərini rahatlıqla üstələyən Firudin Quliyev
toplamda 305 kq (135 kq + 170 kq) nəticə və 413,9474 xalla tutub.
Üçüncü yer isə 62 kq çəki dərəcəsində gümüş medal qazanan Yuri
Dudoqloya qismət olub. O, toplamda 283 kq (126 kq + 157 kq) nəticə
411,7159 xal qazana bilib.