Bu sözləri Movqe.az-a Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə erkən nikahla bağlı açıqladığı statistikaya və nikah yaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibətində söyləyib. H. Rəcəbli deyib ki, Azərbaycanda daha nikah yaşını artırmağa ehtiyac yoxdur: "18 yaşı tamam olan qız fizioloji və bioloji baxımdan nikaha daxil olmaq üçün münasibdir. Biz nikah yaşını daha da artıraraq 18 yaşı tamam olan normal, gözəl-göyçək bir qızın nikaha daxil olmasını 18 yaşda əngəlləyək? Axı nəzərə almırlar ki, azərbaycanlı qızların "boy friend"ləri yoxdur. Onlar 15 yaşından hansısa oğlanla vətəndaş nikahında yaşamırlar. Hansısa oğlanla oturub-durmurlar. 18 yaşları tamam olanda normal şəkildə, qanunvericiliyə uyğun olaraq nikaha daxil olurlar. Avropalılar birinci getsinlər özlərində vətəndaş nikahı məsələsini tənzimləsinlər. Avropada azyaşlı qızlar hələ məktəb dövründən oğlanlarla cinsi münasibətdə olurlar. Bir neçə il belə, vətəndaş nikahı ilə yaşadıqdan sonra 33 yaşlarında da ailə qururlar. Avropalı qızların "Boy friend" lərinin olduğunu həmin qızların valideynləri də bilir. Azərbaycanda erkən nikah hallarında artım yoxdur".
Qeyd edək ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələrini araşdıran BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə, 2013-cü ildə 5000 azyaşlının erkən nigaha girdiyini açıqlayıb. Onun rəqəmlərinə görə, keçən il bu say 4000 olub. Xüsusi məruzəçi, Raşida Mancu zorakılığın səbəbləri və fəsadlarını aradan qaldırmaq üçün siyasi iradə və dövlət, qeyri dövlət sektorun vəzifəsinin olduqca mühüm olduğunu deyib. "Qadına qarşı zorakılığa insan haqqları, vətəndaş və siyasi, iqtisadi, sosial mədəni haqqları prizmasından yanaşmaq lazımdır. Bu kompleks yanaşma olduğu təqdirdə qadınlara qarşı zorakılığın yerli-dibli ləvği istiqamətində işlərin aparlmasından söhbət etmək olar".
Onun mətbuata təqdim etdiyi rəqəmlər bu sahədə
kifayət qədər problemin olduğuna işarədir. Raşida Mancu erkən
nigahların əsasən cənub bölgəsinə xas olduğunu deyib. Ailə
Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi isə problemin mövcud
olduğunu, lakin heç də BMT məruzəçisinin təqdim elədiyi rəqəmlər
kimi olmadığını deyir. Komitədə hesab edirlər ki, BMT bu rəqəmləri
şişirtməklə öz mənafeyini güdür. Bu sahəni diqqətdə saxlayan
Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab
edir ki, bu sahəni tənzimləyən qanun var və dövlət komitəsin də
qanun işləməsinə çalışmalıdır. Reallıq isə onu göstərir ki, erkən
evliliklər hər bir fərd üçün müxtəlif səviyyələrdə fiziki və
mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcədə qızlara
reproduktiv sağlamlıq baxımından ciddi ziyan vurur. Ölkə
qanunlarına əsasən, qadın 17 yaşı tamam olmamış ərə gedə bilməz.
UNİCEF isə bu yaş həddini 18-ə kimi artırmağa səsləyir. Bu həmçinin
Uşaq Hüquqları Konvensiyasına da uyğundur.