Müğənnilərimiz öz geyimlərini, aksessuarını niyə hərraca çıxartmır?

10 Dekabr 2013 11:00 (UTC+04:00)

Bu günlərdə Maykl Ceksonun konsertində geyindiyi ayaqqabısı 32 min dollara satılıb. Pop musiqinin kralı bu qara rəngli bu ayaqqabını konsertlərində dəfələrlə geyinib. Ayaqqabını qiymətli edən isə Ceksonun onun üzərində öz imzasını atmasıdır. Hərracın başlanğıc qiyməti isə 50 dollar olub. Bundan başqa, hərracda musiqiçinin svarovski qaşlarla bəzədilmiş ağ əlcəkləri də satışa çıxarılıb. Xüsusi olaraq "Billie Jean" mahnısı üçün dizayn edilən aksessuarın başlanğıc qiyməti 40 dollar olub.  Hərracda ümumilikdə Maykl Ceksonun 40-dan çox əşyası satışa çıxarılıb. Bura musiqiçi tərəfindən çəkilən şəkillər, üzərində avtoqraf olan ağ şlyapa, konsertə biletlər, afişalar və digər əşyalar daxildir. Digər əcnəbi müğənnilərin geyim ya istifadə etdikləri digər əşyalar belə baha qiymətə satılır. Analoji hala isə Azərbaycanda rast gəlinmir.

Müğənni Nadir Qafarzadə Mövqe.az-aaçıqlamasında bu xüsusda bildirir:

 "Biz Avropa deyilik. Bura Azərbaycandır. Kiçik bir ölkədə yaşayırıq. Bizim insanlara elə şeylər maraqlı deyil. Əgər hər hansı müğənni öz aksessuarını, paltarı hərracla insanlara təklif etsə belə, heç kim almayacaq. Kimin nəyinə lazım müğənninin bahalı əşyası və ya geyilmiş paltarı ?".

Müğənni İlhamə Qasımova isə bildirir: "Müğənni maraqlı, əlçaltmaz olmalıdır ki, onun əşyası insanlarda maraq yarada bilsin. Kiçik şəhərdə yaşayırırq. Bizdə elə şeylərə maraq yoxdur. Əlçaltmazlıq yoxdur".

Müğənni Elza Seyidcahanın məsələyə münasibəti belədir: "Məsələn, mən dəmirdən, kağızlardan olan paltarlarımı saxlayıram. Çünki mənim kimi sənətkarın balaca bir studiyası olmalıdır ki, paltarlarımı eksponat kimi saxlayım. Yaxşı olardı ki, maraqlı paltarlarımız qalsın. Aksiona çıxartmasam da, paltarlarmı saxlayıram. Məncə, Azərbaycanda müğənnilərin əşyaları aksiona çıxarılsa,alınar. Hamının fanat ordusu var. Kimində az, kimində çox... Mənim kisədən olan paltarımı bir nəfər istədi alsın, bu barədə təklif etdi. Ancaq mən razı olmadım. Çünki əl işi idi. Avropada, Rusiyada bu adət var, yəqin ki, bizdə də aksiona qoyulası paltarlar var. Məsələn, Alsunun geyimləri brend olsa da, obrazlı deyildi. Amma Alla Puqaçovanın obrazlı geyimlərini çox bəyənirəm".