DİN-dən əxlaqsız elanlarla bağlı açıqlama-Özəl

10 Dekabr 2013 13:12 (UTC+04:00)

Paytaxt küçələrdə sətiraltı əxlaqsızlığa çağırış xarakterli elanlarla demək olar ki, addımbaşı rast gəlirik. Kafe, restoran tipli iaşə obyektlərinə işçi axtarışını əks etdirən bu elanların mətnini oxuduqda məlum olur ki, iş axtarana əslində təkcə öz işini bacaran ofisant yox, onun digər tələblərinə də cavab verməyi bacaran "işçi" lazımdır. Elanlarda xüsusilə qızlarla bağlı konkret yaş həddinin göstərilməsi, ofisiant işləmək üçün cins məhdudiyyətinin qoyulması bu "iş" elanlarının arxasında iş axtaranın başqa maraqlarının dayandığını bir daha təsdiq edir. Bu günlərdə Ombudsman Elmira Süleymanova əhalini əxlaqsızlıq yuvalarına qarşı mübarizəyə çağırdı. Omdusman Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirma masa"dakı çıxşında əxlaqsızlıq yuvaları məsələsinə toxunaraq qeyd edib ki, hamı belə hallara qarşı mübarizə aparmalı və öz vətəndaşlıq mövqeyini bildirməlidir: "Bakıda bir elanda göstərilib ki, hər həftənin 5-ci günü gənc qızlar qəlyan çəkməyə dəvət olunur. Bu çox dözülməz bir haldır. Bu əxlaqsızlığa dəvətdir. Belə əxlaqsızlıq yuvalarına qarşı hamı ciddi şəkildə mübarizə aparmalıdır".

Qeyd edək ki, xarici ölkələrin əksəriyyətində  bu cür hallarla mübarizə aparmaq əxlaq polislərinin üzərinə qoyulub. Azərbaycanda isə belə bir qurum olmadığından küçədə sətiraltı formada əxlaqsızlığa dəvət xarakterli elanlarla hansı hüquq mühafizə orqanının mübarizə aparmalı olduğu sual altındadır. Movqe.az bu suala aydınlıq gətirmək məqsədilə Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin  (DİN) mətbuat xidmətindən Movqe.az-a bilildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilir: "Bu İdarənin ölkımizdə insan alverinə qarşı mübarizə istiqamətində gördüyü işlərin müsbət nəticəsidir ki, artıq Azərbaycanda insan alveri qurbanlarının sayı günü-gündən azalır.  Ötən ildə insan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 66 cinayət faktı aşkarlanaraq 19 nəfər məsuliyyətə cəlb edilib. Bu mübarizə tədbirləri davam etdirilir. Amma təbii ki, ictimaiyyət də bu məsələyə həssaslıq nümayiş etdirməli, mübarizə aparmalıdırlar. Bu mənada Omdusman Elmira Süleymanovanın fikrinə hörmətlə yanaşaraq, onun toxunduğu məsələyə ictimaiyyətin diqqətini də cəlb etməsi təqdirəlayiqdir. Amma qeyd edim ki, bu cür elanlarla bağlı hüquq mühafizə orqanları tərəfindən hər hansı tədbir yalnız həmin elanda insan alverinə, əxlaqsızlığa  konkret çağırış olarsa görülür. Ola bilər ki, elanda hansısa sətiraltı mənada əxlaqsızlığa çağırış olsun. Amma nəzərə almaq lazımdır ki, hansısa işəgötürənin savadsızlığı üzündən də elanda belə səhv gedə bilər. Yalnız birmənalı şəkildə, elanda insan alverinə çağırış yoxdursa, həmin elanla bağlı hər hansı tədbir görülə bilməz".