Azərbaycanda illik dərs müddəti uzadılacaq

11 Dekabr 2013 12:50 (UTC+04:00)

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetlərini müəyyənləşdirib

2014-2015-ci tədris ilindən Azərbaycanda illik dərs müddəti 2 - 3 həftə artırılacaq. Bu barədə Təhsil Nazirliyinin saytında qeyd olunub. Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək.


Nazirlik tərəfdindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri müəyyənləşib. Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanıb. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.


İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcək. Bakı şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunub. Şagirdlərin sayı, idarəetmə heyətinin və müəllimlərin nisbi peşəkarlığı, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini şərtləndirib.


Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris ilində məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi, keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması, korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunması, təhsil sahəsində innovativ ideyaların, o cümlədən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması, dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi, fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi, şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə illik dərs müddətinin 2 - 3 həftə artırılması (2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə etməklə) kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Bununla yanaşı, yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyl və maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiq ediləcək, ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması, məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması üçün tədbirlər görüləcək.