Kanadanın BlackBerry şirkəti rəhbərliyini dəyişərək və investisiya alaraq fəaliyyətin yenidən təşkilini davam etdirəcək, eləcə də əsas diqqətini servis və proqram təminatına yönəldəcək.
Bildirilir ki, şirkət smartfonların istehsalı üzrə biznesi ikinci dərəcəli etməyi planlaşdırır. Belə ki, əsas səylərin servislərə, o cümlədən BlackBerry Messenger (BBM) messencerinə istiqamətlənməsi gözlənilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda ani məlumat
mübadiləsi üçün nəzərdə tutulan bu xidmət 80 milyon abunəçi
auditoriyasına malikdir ki, bunun da 20 milyonu "Android və iOS
əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu
sahibləridir.
Kanada istehsalçısı BBM-in tanıdılması proqramı çərçivəsində İndoneziya, Hindistan və digər inkişaf etməkdə olan ölkələrdə tərəfdaşların dəstəyini qazanıb. Sözügedən ölkələr öz Android sistemli aparatlarında BBM messencerinin quraşdırılması ilə bağlı öhdəlik götürüblər.
Şirkət diqqətini proqram təminatına yönəltməsinə baxmayaraq telefon bazarını tərk etmək niyyətində deyil. Bu barədə BlackBerrynin müvəqqəti baş direktoru Con Çen bildirib. Onun sözlərinə görə, smartfon istehsalı şirkət üçün idarəetmə qurğuları və BBM ilə yanaşı, vacib fəaliyyət istiqaməti olaraq qalır.
Xatırladaq ki, "BlackBerry şirkətin səhmlərini 4,7 milyard dollara Fairfax Financial Holdings investisiya konsorsiumuna satmaqdan imtina edərək baş direktoru işdən azad edib və investisiyalar cəlb etməyə başlayıb.