Xanım Qafarova ilə bağlı son məlumat – millət vəkili həkimlərdən cavab gözləyir

12 Dekabr 2013 16:27 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Xanım Qafarovanın müalicə xərclərini öz üzərinə götürüb. Aktrisa müalicə üçün Türkiyəyə getməzdən əvvəl saytımıza müsahibəsində Mehriban xanım başda olmaqla hər kəsə, xüsusən də sənətçilər arasında Aybəniz Haşımovaya öz təşəkkürünü bildirmişdi. 

Aybəniz Haşımovadan başqa aktrisaya çətin günündə əl tutanlardan biri də millət vəkili Qənirə Paşayeva olub. Bu barədə Mövqe.az-a Aybəniz Haşımova verib. 

Prezident və xanımına, millət vəkilinə xüsusi təşəkkürünü bildirən Aybəniz Haşımova bu addımı çox böyük xeyirxahlıq kimi qiymətləndirib: "Hazırda dəyərli aktrisamız Xanım Qafarovanın müalicəsi üçün onunla bərabər Türkiyəyə yola düşən, xəstəxanada ona arxa-dayaq olmağa gedən dəyərli millət vəkili Qənirə Paşayeva müayinələrin ilkin cavabını gözləyir. Allah hər zaman dayağında dursun, Qənirə xanım! 

Eyni zamanda bütün sənətkarlar adından başda prezidentimiz İlham Əliyev, xanım Mehriban Əliyevaya təşəkkür edirəm".

 Qeyd edək ki, Xanım Qafarovanın xəstəliyi ilə əlaqədar Heydər Əliyev adına Fonda ilk müraciət edən müğənni, xalq artisti Aybəniz Haşımova olub.