Dünyanın ən ləyaqətli siyasətçisi

12 Dekabr 2013 16:59 (UTC+04:00)

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 10 il keçir. Həyat göstərir ki, ötən illər bizi Ulu Öndərimizdən uzaqlaşdırmır, əksinə onu bizə daha da yaxın edir, daha da doğmalaşdırır. Heydər Əliyevin tək Azərbaycan xalqı üçün deyil, dünya miqyaslı gördüyü işlərin mahiyyətini, əhəmiyyətini zaman keçdikcə dərk etməyə, layiqincə qiymətləndirməyə başalayırıq. Bu gün Azərbaycanda çox az adam tapılar ki, olduqca sadə bir həqiqəti anlamamış olsun: teleyimizin həll olunduğu 90-cı illərin əvvəllərində aramızda Heydər Əliyev kimi təcrübəli dövlət xadimi, müdrik və uzaqgörən siyasətçi, sülhsevər insan olmasaydı, görəsən Azərbaycanda və regionda nələr baş verə bilərdi?  O illərdəki vəziyyətimizi müqaisə etmək üçün bir anlığa gözlərimiz önündə qana boyanmaqda olan ərəb dünyasına nəzər salın. Uzun illər dövlətçilik təcrübəsi olan bu ölkələrdə sülhü bərqərar etmək, əmin-amanlıq yaratmaq üçün çatışmayan nədir? Yeganə bir şey - xalqı öz ətrafinda toplamağa və arxasınca aparmağa qadir olan güclü liderin olmaması. Elə bir lider ki, az müddət içərisində həm ölkə daxilindəki münaqişəni nizama sala bilsin, dövləti dağılmaqdan qorusun, həm də xarici müdaxiləni dayandırsın, güclü dövlətlərin geosiyasi maraqlarını ölkənin millli maraqlarına uyğunlaşdırmağı bacarsın. Hadisələrin gedişi göstərir ki, ərəb dünyası hələ üzün müddət belə bir lider  axtarışında olacaqdır. 

Xalqımızın ümummillli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan və dünya qarşısındakı xidmətləri barədə çox danışılıb və hələ bundan sonra da bu məsələ çox müzakirələrin mövzusu olacaqdır. Ulu Öndərimizin siyasi irsi bizdən geniş elmi araşdırmalar  aparmağı tələb edir. Hər dəfə Heydər Əliyev irsini öyrənməyə başladıqda neçə-neçə cavabsız suallara cavab tapırıq. Bu da, öz növbəsində bizə imkan verir ki,  gələcək fəaliyyət və istiqamətimizi düzgün müəyyənləşdirməkdə çətinlik çəkməyək Müdrik bir el məsəli  var: "Özünü vara çəpər etmə, varı özünə çəpər et". Azərbaycan zəngin təbii sərvətlərə malik ölkədir. Bu sərvətləri ələ keçirmək üçün xarici dövlətlər tarix boyu öz aralarında müharibələr aparmışlar. Vətən torpaqları yadellilərin ayaqları altında tapdaq olmuşdur.  Bir qəsbkarı başqa bir qəsbkar əvəz etmiş, bizə öz taleyimizin sahibi olmağa imkan verməmişlər.XIX əsrin sonları XX əsrin əvvələrində dünyanın enerji mənbəyi sayılan neftin Azərbaycanda kəşf olunması isə  güclü dövlətlərin ölkəmizə sahib olmaq həvəsini daha da artırmış oldu. Necə deyərlər, öz varımız özümüzə düşmən kəsildi. Həm neftimizi daşıyıb aparmağa başladılar, həm də özümüzdən qul kimi istifadə etdilər. 

XX əsrin əvvələrində Çar İmperiyasının dağılmasından istifadə edərək müstəqil dövlətimizi qurmaq cəhdlərimiz  də uğursuzluqla nəticələndi. Güclü dövlətlərin Azərbaycan üzərindəki qarşıdurmasına davam gətirməyən müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yarandığı vaxtdan 23 ay sonra süqut etdi. 

XX əsrin sonlarında tale ikinci dəfə bizə şans verdi. 1991-ci ildə Sovet İmperiyası dağıldı  və sonra Azərbaycan öz müstəqil dövlətini yaratdı. Təəssüflər olsun ki, bu dəfə də tarix yenidən təkrarlanmağa başladı. 1918-1920-ci illərdə baş verənlər 1991-1993-cü illərdə eyni ilə təkrar olundu. Yenə də hakimiyyət uğrunda çəkişmələr, yenə də ermənilərin Azərbaycandakı hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımıza hücumu, yenə də xarici dövlətlərin Azərbaycana gizli-açıq şəkildə müdaxiləsi, neftimizi ələ keçirmək uğrunda mübarizənin qızışması və s.

Dövlət xəzinəsinin boş, şəhər və kəndlərimizin zülmət qaranlıq içində olduğu, əhalinin saatlarla çörək növbəsində dayandığı qorxu, həyacan, ümüdsizlikdən başqa heç nə vəd etməyən o illərdə özünü xalqının harayına çatdıran Heydər Əliyev dahiyanə ustalıqla Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladı və 1994-cü ildə Azərbaycan nefti uğrunda mübarizə aparan dövlətlərin elə özlərinə onu imzalatdırdı. "Əsrin müqaviləsi" adını almış bu tarixi sənəd Azərbaycanın xilasının əsasını qoymuş oldu. Azərbaycanın ikinci dövlət müstəqilliyini əbədi və dönməz etdi. Bu gün ölkəmizdən  dünyanın çox yerlərinə uzanıb gedən neft kəmərləri bizi dörd tərəfdən ən etibarlı şəkildə qoruyub mühafizə edən ən güclü müdafiə vasitəsi, xalqın dili ilə desək Azərbaycanı qoruyan çəpərdir. Bu uğurlu və uzaqgörən siyasətin nəticəsi o oldu ki, cəmisi 15-20-il bundan əvvələ qədər bizi özündən asılı vəziyyətdə saxlamağa çalışan ölkələrin çoxu hazırda Azərbaycandan asılı vəziyyətə düşmüş oldular. 

BUDUR, AZƏRBAYCANÇILIQ! BUDUR, XALQINI SEVMƏK , ONUN BU GÜNÜNÜ VƏ GƏLƏCƏYİNİ DÜŞÜNMƏK!  EŞQ OLSUN BU MÜDRİK SİYASƏTƏ VƏ ONUN YARADICISINA!

Heydər Əliyev deyirdi: " Mən xalqımın müdrikliyinə inanıram". Əgər biz Ulu Öndərimizin atdığı hər addımı, qəbul etdiyi hər qərarı araşdırmağa başlasaq görərik ki, onların hamısı xalqın müdrikliyindən qaynaqlanır. Heydər Əliyev deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Azərbaycanın 10 il, 15 il bundan əvvəlki vəziyyəti ilə onun beynəlxalq aləmdə tutduğu  hazırkı mövqeini və nüfuzunu müqaisə etsək xalqımızın dahi rəhbərinin nə qədər haqlı olduğunu aydın görə bilərik. 

Bununla belə, ölkəmizin dünya dövlətləri içərisində  hörmət qazanmasının səbəbini təkcə onun var-dövlətinin çox olması ilə izah etmək böyük səhv olardı. Azərbaycan bəlkə də dünyada yeganə dövlətdir ki, heç bir dövlətin daxili işlərinə qarışmır, heç bir dövlətin torpaqlarını, sərvətlərini ələ keçirmək niyyəti, planları yoxdur. Baxmayaraq ki, respublikamızın hazırkı iqtisadi gücü ona hər cür addım atmağa imkan verir. Əksinə, ehtiyacı olan ölkələrin, xalqların çoxuna Azərbaycanın təmənnasız olaraq yardım etməsinə dair minlərlə misal göstərmək olar. 

Bütün dünya bilir ki, Azərbaycan ən etibarlı tərəfdaşdır, ən etibarlı qonşudur, ən etibarlı dostdur, yoldaşdır. 2011-ci ildə ölkəmizi BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçən 200 ölkədən 150-sinin bizə səs verməsi məhz bu prinsipə əsaslanmışdır. Bu gün bütün beynəlxalq ictimaiyyət arasında bizim haqqımızda qəti fikir formalaşmışdır:  Azərbaycan həm varlı dövlətdir, həm də ləyaqətli! 

Beynəlxalq aləmdə bizə bu imici qazandıran dünyanın ən ləyaqətli siyasətçisinin ən layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Ömrünün son günlərində mərhum Prezidentimiz Heydər Əliyev üzünü bizə tutaraq deyirdi: " İnanıram ki, mənim başa çatdıra bilmədiyim işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev davam etdirəcəkdir. Mən ona özüm qədər inanıram". 

Biz də üzümüzü Ulu Öndərimizə tutaraq deyirik: 2013-cü il Prezident seçkilərində böyük səs çoxluğu ilə İlham Əliyevi yenidən Azərbaycanın Prezidenti seçməklə,  Siz xalqınıza inandığınız kimi xalqınız da Sizə inandığını qəti şəkildə sübut  etdi.  

Arxayın ola bilərsiniz, Ulu Öndər! 

Sizin qurduğunuz Azərbaycan dövlətinin müstəqilliyi daimidir, dönməzdir, sarsılmazdır! 


Daşkəsən Rayon İcra 

Hakimiyyəti Başçısının  müavini  Namiq Süleymanov