“Azərenerji” ASC-də Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib

12 Dekabr 2013 17:30 (UTC+04:00)

Bu gün "Azərenerji" ASC-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları öncə inzibati binada Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyaraq, Onun əziz xatirəsini ehtiramla yad ediblər. 

Sonra tədbir Səhmdar Cəmiyyətin akt zalında davam etdirilib. Tədbirdə çıxış edənlər bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrin hər birində görülən işlər, əldə edilən nailiyyətlər barədə ətraflı danışaraq onu da qeyd ediblər ki, Azərbaycanda müstəqil enerji sisteminin fomalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərimizin şərəfli adı ilə bağlıdır. Məhz onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır. Bununla yanaşı, Azərbaycanın elektrik enerjisi sisteminin qonşu dövlətlərin enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

 Tədbirin sonunda ölkə elektrik enerji sistemi ilə bağlı Ulu Öndərin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.