Milli Məclisdən (MM) APA-ya verilən məlumata
görə, bununla bağlı insan hüquqları ilə bağlı bir sıra qanunlara, o
cümlədən müvafiq olaraq Cinayət və İnzibati Xətalar məcəllələrinə
əlavə və dəyişikliklərin edilməsi təklif olunur.
Layihəyə əsasən, ana bətnində olan körpələrin hüquqları
rəsmiləşdirilir və doğuşa qədər dövrdə onunla bütün proseslər
embrion hüquqlar nəzərə alınmaqla həyata keçirilir. Layihənin
növbəti sessiya Milli Məclisin müzakirəsinə təklif olunması nəzərdə
tutulur.
Məsələ ilə bağlı APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu Komitəsinin üzvü Rafael
Cəbrayılov bildirib ki, o da bu təklifin əsas
tərəfdarlarındandır. Onun sözlərinə görə, bu hüquq sisteminin
yaradılması istər sağlam doğuş, istərsə də sağlam nəslin yetişməsi
ilə bağlı xeyli uğurlu nəticələr ortaya qoyacaq: "Embrion hüququn
digər insan hüquq sistemindən bir fərqi odur ki, burada o hüququn
subyekti kimi öz hüquqlarını müdafiə etmək imkanında ola bilmir.
Amma nəzəriyyə kimi bunu biz reallaşdıraraq digər vasitələr ilə ana
bətnindəki körpənin hüquqlarını təmin etmiş olarıq. Hansı ki, bu
gün ana bətnindəki körpələr ilə bağlı bu gün ailələrdə kifayət
qədər absurd qərarlar verilir. Embrion hüququn başlanğıcı isə
mayalanmanın baş tutduğu andan hesablanır". O qeyd edib ki, insan
hüquqlarının embrion mərhələsinin rəsmiləşdirilməsi insan hüquq
sisteminin tərkib hissəsidir.