Radikal dini qruplaşmalardan gələn təhdid

14 Dekabr 2013 07:11 (UTC+04:00)

Xəbər verildiyi kimi, Sumqayıtda radikal dini qrup üzvləri arasında atışma olub. Cinayəti etmiş şəxslər hadisə yerinə gələn polis əməkdaşlarına da qumbara atıblar. Atışma zamanı bir nəfər polis də daxil olmaqla 3 nəfər yaralanıb. Vəhhabi cərəyanına mənsub olan bu şəxslər arasında mübahisə dini zəmində aparılan müzakirələr zamanı baş verib.

Baş verən olayla bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir: "Dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar".

Qeyd olunur ki, daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Məlumdur ki, Azərbaycan dövləti radikal dini qruplaşmalara qarşı ardıcıl mübarizə aparır. Bu mübarizənin nəticəsidir ki, ölkəmizdə bu tip qruplaşmaların mövqeyi xeyli dərəcədə zəifləyib. Lakin buna baxmayaraq, son hadisə də ondan xəbər verir ki, radikal dini qruplaşmalar fəallaşmaq cəhdlərində bulunurlar. Hələ də onların əllərində müəyyən qədər silahlar var.

Görəsən, bu qruplaşmaların fəallaşmaq cəhdləri nədən qaynaqlanır və belə hallara son qoymağın həlli yolları nədən ibarətdir?

Vəhdət Partiyasının sədri Tahir Kərimli düşünür ki, radikal dini qruplaşmaların fəallaşmasının qarşısını almaq üçün onlar beşiyindəcə məhv edilməlidir: "Azərbaycanda dövlətin Konstitusiya əsaslarını sarsıdan hallara, siyasi tendensiya və dini təmayüllərə yer olmamalıdır. Qalan hallarda isə tolerantlığa uyğun olaraq dini cərəyanlar fəaliyyət göstərə bilər. Güc strukturlarının verdiyi bəyanatdan görünür ki, Sumqayıtda baş verən hadisə "Xəvarici"lərlə "Sələfi" təriqəti arasında olan mübahisədir. Bu təriqətlər də öz radikallığı ilə seçilir. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə müxtəlif təriqətlər yol tapa bildi. Bu təriqətlər arasında təəssüf ki, vəhhabiliyin radikal qanadları da burada özlərinə yuva qura bildilər. "Xəvarici"lər Azərbaycanı iki yerə, Darül-küfr və Darül-islama bölür. Belədə onlar azərbaycanlılara kafir gözü ilə baxırlar. Ona görə də ölkəmizdən həmin təriqətə sahib olanlar Qarabağ uğrunda mübarizə aparmır, Suriyada, Fələstində döyüşməyi üstün tuturlar. Son hadisələr göstərdi ki, belə radikal dini qruplar hələ də müəyyən silahlara sahibdir. Son 10-15 il ərzində məhz Sumqayıtda bu kimi dini qruplaşmalar özlərinə daha çox yer tapıb. Belə radikalizmin qarşısını almaq yolunda hakimiyyətin israrlı olmasını da başa düşürəm. İnanmıram ki, bu kimi radikal qruplaşmalar ölkəmizdə ancaq internet əlaqələri vasitəsilə yaradılıb. Böyük ehtimalla Azərbaycanda bu təriqətlərin təmsilçiləri və təşkil edənləri də var. Vəhhabilik Səudiyyə Ərəbistanı və Küveyt vasitəsilə Şimali Qafqaza yayılıb, oradan da Azərbaycana da müəyyən qədər sirayət etməyi bacarıb. Düşünürəm ki, müvafiq orqanlar bu kimi halları qiymətləndirərək həlli yollarını aramaq istiqamətində vacib addımlar atacaqlar. Əks təqdirdə, dini radikallıq Azərbaycan cəmiyyətindəki sabitliyi poza, ölkədə qarşılıqlı nifrət hissi yarada bilər. Ona görə də belə neqativ hallar elə beşiyindəcə aradan qaldırılmalı, bu yolu secənlər tərbiyə və islah olunmalıdır. Bu istiqamətdə dövlətin və cəmiyyətin ayıq olması vacibdir".

Millət vəkili Zahid Oruc isə qeyd etdi ki, dini radikalizmə qarşı mübarizədə cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür: "Din insanların kütləvi etiqadını təmin edən bir sahə olduğundan burada hər zaman müxtəlif maraqların toqquşması da baş verə bilir. Təkcə Azərbaycanda deyil, kənar ölkələrin hər birində də belə proseslərin şahidi olmuşuq. Şübhəsiz ki, Azərbaycanda bir kimsənin dini etiqadına maneə olmaq, onu məhdudlaşdırmaq istiqamətində addımlar atılmır. Məhz bu üzdən tolerant mühitdə hərəkət etmək imkanlarının geniş olduğunu görən qüvvələr Azərbaycanda müxtəlif sekta, dini cərəyan, ekspansionik maraqları olan təşkilatların dayaqlarını qurublar. Bu üzdən şübhəsiz ki, onların bir sıra hallarda öz maraqlarını həyata keçirmələri üçün terrora əl atması, öz münasibətlərini silahlı vasitələrlə reallaşdırmaq cəhdləri və belədə Azərbaycandakı dini azadlıq mühitinə zərbə vurmaq niyyətləri olur. Son zamanlar isə belə halları daha çox müşahidə edirik. Dövlətin də bu məsələ ilə bağlı tənzimləmə addımları atılmaqdadır. Ən azı xüsusi xidmət orqanları heç bir halda yol verməz ki, Azərbaycanda dini çətir altında kimlərsə öz fundamentalist maraqlarını həyata keçirsin. Problemin kriminal qruplar arasında "razborkaya" keçməsi də yolverilməzdir. Radikalizmin özünü göstərməməsi üçün daha bir sıra addımlar da atılmalıdır. Bu addımlar arasında maarifləndirici işlərlə yanaşı, cəmiyyətin üzərinə düşən vəzifələr də var. Eyni zamanda düşünməliyik ki, hər zaman müxtəlif dairələrin Azərbaycanda dini qüvvələr vasitəsilə dayaqlar qazanmağa nail olmaq istiqamətində maraqları olacaq. Qonşu İran Azərbaycanı özünün islam əyalətinə çevirmək istəyəcək. Səudiyyə Ərəbistanından gələn vəhhabilik istiqamətində də müəyyən fəaliyyətlər olacaq. Başqa sektaların da hər zaman Azərbaycandakı kütləni öz tərəfinə çəkmək istiqamətində işləri davam edəcək. Bu üzdən düşünmək ki, sərhədlərə xüsusi divar çəkməklə onların qarşısını almaq mümkün olacaq, bu qeyri-realdır. Həmçinin müxtəlif ideoloji basqılara məruz qalanlar üçün sərt addımlar atılmasını da göz önünə gətirməliyik, nəzərə almalıyıq ki, bu baş verə bilər. Buradan nəticə çıxararaq Azərbaycanda dini etiqad mühitinin pozulduğu haqqında fikirləşmək də yanlış olar. Ancaq başqa tərəfdən də bilməliyik ki, əhalinin müxtəlif hissəsini kor-koranə qaydada öz cəbhəsinə cəlb edən qüvvəllər bəzən məhz həmin kütlədən də kamikadze yetişdirəcək. Bu da bir faktdır".