Qalstuk kişinin yaraşığıdır? - MÜZAKİRƏ

15 Dekabr 2013 12:31 (UTC+04:00)
Dress-kodun bir elementi olan qalstukun "əcdadı"nı, düzbucaqlı formalı parçanı Qədim Misir zamanında sosial statusu bildirmək üçün kişilər çiyinlərinə atıb gəzərdilər. Qədim çinlilər, romalılar da ilk qalstuk gəzdirənlər sırasındadırlar. 

Tarixçilər deyirlər ki, lap qədimlərdə quldurları, yolkəsənləri və s. məhkumları asarkən ip qırılarmışsa, həmin adamlar ömürləri boyu həmin ilgəyi boyunlarında daşımalı imişlər. Bu o demək idi ki, onu məhkum, sonra edam ediblər, amma taleyin gücü, Tanrının qüdrəti onu azad edib, bağışlayıb. Həmçinin deyirlər ki, xorvat müzdlular döyüşdə bir-birlərini tanımaq üçün yaylıq taxırmışlar. 

Hətta belə bir maraqlı fakt var: XVII əsrdə xorvat zabitlər boğazlarına Onüçillik müharibədə göstərdikləri cəsarətlərinin rəmzi olan ipək parlaq yaylıqlar bağlayırdılar. Bir dəfə kraliça Anna onları saraya dəvət edir, kral XIV Lüdovik isə onların bu dəb aksessuarını sezir. Gecikmədən o da boğazına belə yaylıq bağlayır və Fransada ilk qalstuk dəbinin əsasını qoyur (fransızlar qalstuka cravate deyirlər ki, bu da xorvatların adı ilə bağlıdır). 

Qalstukun müxtəlif formaları - qat-qat yaxalıq, iri qat-qat disk, enli dişli yaxalıq ("van-deyk"),  yaylıq - olub. Müəyyən zaman ərzində onun rəngi, forması siyasi əhəmiyyət kəsb edib. 1924-cü ildə isə sadə insanların gündəlik geyim aksessuarı olub. Amerikalı iş adamı Cessi Lanqsdorf "ideal qalstuk"unu patentləşdirib: o, əyri xətt üzrə tikilən 3 hissədən ibarətdi və hal-hazırda da qalstukları belə tikirlər. 

Hazırda qalstukları sevənlər kimi, sevməyənlər də var. Hətta sonuncular arasında qadınlar da az deyil (bəlkə, bağlamaq çətindir?). 

Qalstukla bağlı "tarixə səyahət" bu qədər. İndisə ABŞ alimlərinin qalstukla bağlı şok iddiasını nəzərinizə çatdırırıq. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların iddiasına görə, qalstuk bir çox kişinin gözünü kor edir. 

Yəni kişilərdə görmə zəifləməsinə səbəb olan amillər arasında məhz qalstukun çox sıx bağlanması daha çox yer tutur (70%). 

Qalstuk boyun ətrafında çox sıx bağlanırsa, qan təzyiqinə pis təsir edər, başa qanın çıxmasına əngəl olur və nəticədə beyin bir qədər oksigen aclığı yaşayır. Ən çox ziyan isə bu zaman gözlərə dəyir: gözə gələn qan damarları da oksigenə ehtiyac duyur. 

Belə "bəyanat"dan sonra kişilərin qalstukdan vaz keçəcəkləri ağlabatan deyil. Amma maraqlıdır: aranızda qalstuk sevən və sevməyənlər varmı? Sizin üçün qalstukun nə əhəmiyyəti var? Qadınlar qalstuka daha çox nifrət edirlər, yoxsa kişilər? Qalstuk taxan qadınlar çoxmu cazibədardırlar?