Bu gün paytaxtın bir çox yerlərində ev alqı-satqısı ilə məşğul olan ofislərə rast gəlmək olur. Əhali arasında əmlakın alınıb-satılmasına vasitəçilik edən bu kimi ofislərdə çalışan rieltorların fəaliyyətinin tənzimlənməsi haqda qanun bir neçə dəfə müzakirə olunsa da, hələ qəbul olunmayıb. Qanunun yoxluğu bəzən bir sıra problemlərin, xoşagəlməz halların yaşanmasına səbəb olur. Belə ki, qanunun yoxluğunda istifadə edən bəzi rieltorlar, başqa adla maklerlər, əhalini aldadaraq onların pullarını mənimsəyirlər. Əksər hallarda isə rieltorlar öz fəaliyyətlərinə görə dövlətə heç bir vergi ödəmirlər. Bundan başqa, bəzən onların özlərinin də hüquqları pozulur və yaxud da fəaliyyətlərini tam olaraq yerinə yetirə bilmirlər.
Bazarda süni qiymət artımına
səbəb olan yalançı rieltorların fəaliyyətindən şikayətlənən "Əmlak
Bazarı İştirakçıları" İctimai Birliyinin üzvü Rövşən Talıbzadə
qanunun qəbul edilməsi ilə insanlar tərəfindən rieltor məfhumunun
əsl anlamının başa düşüləcəyini bildirdi: "Ən sadə bir şeyi
nümunə göstərə bilərik ki, bu gün qiymətlər qalxmaqdadır. Demək
olar ki, hər ay daşınmaz əmlak üzrə qiymətlərin artımı müşahidə
olunur. Düzdür, qiyməti artımının səbəbləri arasında ipoteka
bazarının fəaliyyət göstərməsi, mənzil tələbin artması, təklifin
azalması və bu kimi cəhətlər də mühüm amil olsa da, burda bir məqam
da var ki, bu gün bazarda spekulyar rieltorlar, daha doğrusu
maklerlər də mövcuddur. Onlar bu gün qiymətlərin süni olaraq
artırılmasında böyük önəm daşıyırlar. Bu piramida şəklində
qiymətlərin artmasına səbəb olur. Bazarda bu kimi maklerlərin
aradan qalxmasına ehtiyac var ki, süni qiymət artımına son
qoyulsun. Onlar hansısa mexanizmə salınaraq tənzimlənsin.
Rieltorların fəaliyyəti haqda qanun çox məsələlərin həllinə səbəb
olacaqdır. Bununla bir çox qaranlıq məsələlərə aydınlıq gətirilə
bilər. Məsələn, biz bu qanunla hər yerdə rastlaşdığımız makler
anlayışı ilə rieltor anlayışını fərqləndirə biləcəyik. Bu gün hər
yerdə əhaliyə ev alqı-satqısını maklerlər həyata keçirir. Amma
daşınmaz əmlak bazarının iştirakçıları rieltorlardır. Maklerlər isə
dəllallardır. Onlar hər bir əmlakın satıcısı ola bilər. Məsələn,
avtomobil satıcısı da maklerdir, dəllaldır. Amma rieltor yalnız
daşınmaz əmlak alqı-satqısı ilə məşğul ola bilir. Rieltor adının
anlamının başa düşülməsi üçün ilk növbədə sözügedən qanun
layihəsinin qəbuluna böyük ehtiyac var. Rieltor bazarda yaradılan
süni vəziyyətdən istifadə etməməlidir. O, alqı-satqı zamanı
vətəndaşların hər iki tərəfinin hüquqlarının qorunmasında böyük
məsuliyyət daşımalıdır. Bundan başqa, rieltor hətta bazarın
tənzimləyicisi rolunu oynayır. Ola bilər ki, kimsə əmlakın
qiymətini yüksək deyə bilər. Rieltor vətəndaşı əmlakın bazardakı
real qiyməti ilə tanış eləməlidir. Amma bizim rastlaşdığımız əksər
maklerlər kimsə evi ucuz qiymətə də təklif edəndə çalışırlar ki,
onu baha qiymətə satsınlar və daha çox qazanc əldə etsinlər. Bu
işləri görən bazarda olan qeyri-peşəkar maklerlərdir. Onları
rieltor adlandırmaq düzgün deyil. Rieltorların fəaliyyəti
haqda qanun qəbul olunsa, bazar tənzimlənər və qiymətlər müəyyən
ölçüyə, əndazəyə salınar. Bundan başqa rieltorların
sertifikatlaşdırılması, onların fəaliyyətinin leqallaşdırılması
prossesi gedə bilər və vətəndaşlar da qarşılarında hər hansı
küçədən keçən bir maklerin deyil, artıq arxalarında dura biləcək
nüfuzlu bir şirkətin olduğunu bilərlər. Artıq vətəndaş rieltorla iş
görən zaman bilər ki, səhəri gün o aldadılmayacaq. Arxasında
nüfuzlu bir şirkət dayanır və məsuliyyət daşıyır. Amma bu gün
vətəndaşların rieltor fəaliyyətinə etibarı azdır. Bunu şəraiti həm
də maklerlərin özləri yaradıblar. Vətəndaş düşünür ki, maklerlə
birlikdə iş görsəm, aldanaram. Küçədə pərakəndə şəkildə fəaliyyət
göstərən maklerlərin sayı kifayət qədərdir. Ona görə vətəndaş
bilmir ki, kimə güvənsin. Amma rieltorlar haqda qanun qəbul olunsa,
insanlar biləcək ki, kimlərlə iş görür, rieltor kimdir, sabah onun
məsuliyyətini kim daşıyır. Bu gün hansısa makler vətəndaşı
aldadanda vətəndaş yalnız polisə müraiət edə bilir. Məsələn şikayət
edə bilər ki, makler məni aldadıb. Qaz xətti olmayan evdə yalançı
qaz balonu qoyaraq evi mənə satıb və mən ondan şikayətçiyəm. Amma
şirkətə məxsus rieltorla iş görərsə, biləcək ki, məsuliyyəti şirkət
daşıyacaq. Şirkət də öz nüfuzunu qorumaqdan ötrü, günü
hüquq-mühafizə orqanlarında keçməsin deyə çalışır ki, öz
rieltorları düzgün fəaliyyət göstərsin. Onlara lazımi
tövsiyyələrini verir, kurslar keçir, sertifikat verir, onları
stimullaşdırır. Vətəndaşların hüququqnun da qorunmasına xüsusi
nəzarət edir. Buna görə də, qanun qəbul olunsa, rieltor adı
cəmiyyətdə nüfuz qazanar. Rieltorlar da düzgün fəaliyyət
göstərərlər və əmin olarlar ki, işlədikləri şirkət də
nüfuzludur".
Rövşən Talıbzadə bəzn rieltorların da aldadıldığını və qanunun qəbulu ilə nəinki vətəndaşların, eyni zamanda rieltorların da hüquq və vəzifələrinin qorunacağını dedi: "Bundan başqa, bu gün rieltorların özləri də bəzən aldanırlar. Yəni bir də görürüsünüz ki, vətəndaş gəlir maklerdən məsləhət alır ki, harda ev ucuzdur. Makler onu aparır, göstərir. Sonra vətəndaşlar vasitəçisiz belə aralarında razılaşırlar və evin alqı-satqısını həyata keçirirlər. Qanun qəbul olunarsa, rieltorların da hüquqları qorunar".
MBA LTD şirkətinin rəhbəri Nüsrət
İbrahimli də məsələ ilə bağlı saytımıza açıqlama verdi:
"Azərbaycanda rieltorların fəaliyyətinin tənzimlənməsi üçün
vasitəçilik xidməti var. Lakin onların fəaliyyəti birbaşa olaraq
qanunla tənzimlənmir. Bu haqda qanun olarsa, rieltorların hüquq və
vəzifələri konkret olaraq müəyyən olunar. Lakin bu gün bu sahədə
bir sıra problemlər yaşanır. Məsələn, rieltorların notarial
kontorlara müraciət etmək hüququ yoxdur. Və yaxud da, Daşınmaz
Əmlakın Dövlət Reyestri xidmətindən hər hansı bir dövlət qurumundan
alqı-satqı predmeti, onun əmlakına dair hər hansı arayış,
məlumatlar toplaya bilmirlər. Bu, onlara müəyyən problemlər
yaşadır. Bundan başqa alıcı-satıcı arasında əlaqələrin qurulmasında
da konkret qaydalar yoxdur. Təbii ki, qanun qəbul olunsa,
bunların rieltorlar üzərində müsbət təsiri olar. Belə ki,
rieltorların vəzifə və hüquqları digər orqanlar tərəfindən
tanınar və onların fəaliyyətində müəyyən bir şəffaflıq olar".