Ölkədə doğulan ermənilərin sayı azalır, qocaların sayı artır,
üstəlik, mühacirət edən hayların sayında sürətli artım müşahidə
olunur.
Ermənistanın viranə qalmış ölkəyə çevrilməsində Yerevanın ağası, hamisi, sahibi, "strateji tərəfdaşı" və sairi olan Rusiya da önəmli rol oynayır.
Səbəb bəlli: Rusiya bundan belə Ermənistanın təhlükəsizliyinin
qarantı olduğunu bildirib.
Rusiya və Ermənistan arasındakı "tərəfdaşlıq, əməkdaşlıq və işbirliyi"nin ermənilər üçün nə qədər təhlükəli olduğunu prezident Serj Sarkisyanın dəstəsi xalqdan gizləməyə çalışsa da, haylar gerçəkləri gec də olsa, anlamağa başlayıblar.
Həqiqət çox sadədir: Yerevandakı rejimi buyruq quluna çevirmiş
Rusiya asan və asudə şəkildə Ermənistanı talan etməkdədir.
İlk baxışdan bütün bunlar Ermənistanın hakimiyyət dairələrinin Rusiya qarşısında müdafiəsiz, naçar, köməksiz və heç bir çıxış yolu olmayan vəziyyətdə qalmasına dəlalət edir.
Amma ilkin rəy yanlışdır, Yerevan bivec durumda deyil. Sadəcə
olaraq Sarkisyan rejimi əhalini "Rusiyanın qəzəbi" ilə qorxudaraq
ölkəni sosial baxımdan təminatsız insanlardan "təmizləməyə"
çalışır.
Ermənistanı tərk edərək Rusiyaya yollananlar pul qazanıb vətənlərinə göndərirlər və düşünürlər ki, hakimiyyət dairələri onların mümkün qədər tez şəkildə geri qayıtmalarını istəyir.
Əsla belə deyil: rəsmi Yerevan bu adamların ailələrini də Rusiyaya
aparmalarını, orada qalmalarını, vətəndaşlıq almalarını -
ümumiyyətlə, Ermənistandan uzaq durmalarını istəyir.
Bu minvalla Sarkisyan rejimi hakimiyyətini potensial təhlükədən,
narazı kütlədən qorumaq istəyir. Yəni Yerevandakı rejim insanların
kütləvi şəkildə ölkəni tərk etməsinə razıdır: təki iqtidardakı
qüvvə varlanma, harınlama, xalqı zillətə düçar etmə rıçaqlarını
itirməsin.
...Təxminən iki il əvvəl Ermənistan hökuməti Çin və Hindistanla
viza rejimini yüngülləşdirdi. Ermənilər indiyədək anlaya bilmirlər
ki, axı niyə məhz bu ölkələrlə?
İş ondadır ki, Hindistanla Çində əhali artımı az qala fantastik
səviyyədədir, insanlar çox, ərazi və resurslar isə azdır. Həmin
ölkələrdən də hinduslarla çinlilər çox böyük məmnuniyyətlə
Ermənistana üz tuturlar.
Axı qonşu dövlətdə kəndlər və qəsəbələr boşalır, yaşayış
məntəqələri adlanan məkanlarda itlər ulayır, yiyəsiz qalmış evlərin
qapılarını külək çırpır.
Bundan başqa, Hindistanla Çində əhalinin tam əksəriyyəti
yoxsuldur və yetərincə qidalanmır.
Onlar Ermənistanda varlı və tox olmayacaqlar, amma sıxlıq içində də yaşamayacaqlar.
Qonşu ölkənin qəsəbələrində Rusiyaya yollanmış ermənilər indi
çinlilərlə, hinduslarla əvəzlənir. Gələnlər üçün iş yerləri də
yaradılır. Məsələn, Ermənistandakı mədənləri satın alan Çin
şirkətləri tərəfindən.
Və ən nəhayət, Ermənistanda belə gəlmələrin sayının artımı
Sarkisyan rejimi üçün də əlverişli məsələ olardı.
Çünki hinduslarla çinlilər aclıqdan şikayətlənsələr, onlara
qarşı polislərlə hərbçiləri yollamaq, döymək, həbs etmək olar və
Serj Sarkisyanı da kimsə "öz xalqına qarşı amansızlıqla güc
işlətmək"də suçlamaz.
Bütün bunlar fantastik ehtimallar təsiri bağışlaya bilər. Amma
Ermənistanda yaşanan olayların məcrasına, proseslərin təmayülünə
baxmaq yetər ki, vəziyyətin bəhs etdiyimizdən də ağır olduğu
görünsün.
İdarə etdiyi ölkənin sürətlə boşalmasını sevinclə izləyən
hakimiyyətin davranışını normal saymağın özü anormallıq olardı hər
halda.
...Ötən ilin bu günlərində Serj Sarkisyan başçılıq etdiyi,
ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyasının
qurultayında çıxış etmişdi və iqtidar da bu çıxışı "ölkədə çox
ciddi, köklü islahatlarla yeniliklərin startı" kimi təqdim
etmişdi.
Sarkisyanın yumruğunu masaya vurub qəzəblə "Bəsdir, yetər
artıq!" dediyinə erməniləri inandırmaq üçün hər şey
edilir.
Cəmiyyət də çətin durumda qalmışdı. Çünki Serj Sarkisyanın çıxışı
gerçəkdən də "korrupsiya, qanunsuzluq, məmur özbaşınalığından
bezmiş dövlət başçısının sinirli açıqlamaları" kimi qəbul oluna
bilərdi.
O, həqiqətən də rəhbərlik etdiyi ölkədəki biabırçı siyasi,
sosial-iqtisadi durumu sərt dəyərləndirdi, korrupsiya və
rüşvətxorluğun miqyasından az qala dəhşətə gəldiyini söylədi.
Üstəlik, bu çıxışın mətnini Ermənistandakı situasiyadan bixəbər
insan oxusaydı, tribunada ölkə prezidentinin yox, müxalifət
liderinin danışdığını düşünərdi.
Ermənilər fikirləşirdilər ki, bəlkə, doğrudan da, hakimiyyət
ölkədəki vəziyyətin dözülməz həddə çatdığını anlayıb. Həmin həddən
sonra viranəlik başlayır ki, iqtidarın özü də dağılan sistemin
xarabalıqları altında qala bilər.
Hakimiyyət ermənilərin, cəmiyyətin gözləntilərindən ruhlandı, daha da həyasızlaşdı, yalanların sayını artırdı və görmədi ki, o çıxışdan sonra formalaşan proseslərin sərhədləri dəqiqləşməkdə, konturları stabilləşməkdədir.
Ölkədəki iqtidar mənsubları ilə yanaşı, müxalifətçilər də cuşa
gəlmişdilər və deyirdilər ki, cəmi iki-üç ay keçər, Serj
Sarkisyanın qəzəbli çıxışının təsirini cəmiyyət hiss edər.
Həmin çıxışdan bir il keçir.
Ermənilər ölkədəki mənhus durumun düzəlməsi üçün köklü
dəyişikliklərə ümid etsələr də, S.Sarkisyanın onları yenə
aldatdığını, növbəti yalanlarına qurban etdiyini dərk etdilər.
Ermənilər başa düşdülər ki, Yerevandakı bandokratiyanın ölkənin
rifahı üçün nə isə edəcəyini düşünmək abdal, mənasız və əbəs
işdir.
Ötən il ərzində praktiki olaraq heç bir ciddi və ya qeyri-ciddi,
fundamental və ya səthi hadisə baş vermədi, hakimiyyət önəmli addım
atmadı ki, ermənilər iqtidarın dəyişikliklər istəyində olduğunu
görsünlər, sosial-psixoloji və siyasi-iqtisadi böhrandan çıxmaq
üçün nəsə etməyə çalışdığının şahidi olsunlar.
"Rüşvətxorluq və korrupsiya ilə amansız mübarizə" adı ilə 20, 30 və
100 min dram rüşvət alan bir neçə nəfər tutulur. Halbuki on
minlərlə, yüz minlərlə dram məbləğində maaş alan məmurlar
milyonlarla dollarlıq varidata malikdirlər, kimsə də onlara bir söz
demir.
Nə istefalar oldu, nə cəzalandırılan iribuynuzlu məmurlar.
Hər şey olduğu kimi qaldı.
Ermənilər üçün daha bir qara Milad nağılı başa çatır.
Günah kimdədir əcəba?