Son dövrlərdə Azərbaycanda mənzil sahibi olmaq istəyən insanlar təzə tikililərdəki evlərdənsə, köhnə, amma rahat infrastruktura malik olan mənzillərə daha çox üstünlük verirlər. Bir sözlə, insanlar yeni mənzillərdən getdikcə uzaq düşürlər. Köhnə mənzillərə olan tələbatın çoxalması burada dha çox qiymət artımının baş verməsi ehtimalını yaradır. İnsanları köhnə məzillərə yönəldən səbəblər və qiymət artımı haqda ekspertlər saytımıza açıqlama verdilər.
Movqe.az-a açıqlamasında MBA LTD
şirkətinin rəhbəri Nüsrət İbrahimli köhnə evlərə olan tələbatın çox
olmasının səbəblərindən danışdı və tələbat çox olsa da, bu sahədə
qiymət artımının gözlənilmədiyini bildirdi: "Bahalaşma yeni tikilən
mənzillərin qiymətlərində müşahidə olunur. Köhnə evlərin yeni
mənzillərə nisbətən daha çox alınmasına bir neçə səbəb var.
Səbəblərdən birincisi odur ki, alıcılar üçün belə mənzillərin
qiyməti daha çox əlçatandır. Bu gün onların dəyəri 60-70 min manat
arasında dəyişir. Alıcı kontingentinin böyük hissəsinin də tələbi
məhz həmin seqmentdə formalaşır. İkinci səbəb köhnə mənzillərdə
sənədləşmənin problemsiz olmasıdır. Yəni həmin evlərin
sənəndlərinin qaydasında olmasıdır. Üçüncü isə, infrastrukturun
mükəmməl olmasıdır. Bu amillər hamısı son nəticədə gətirib çıxarır
ki, köhnə mənzillərə tələb bu cür yüksək şəkildə formalaşsın. Ancaq
yeni tikililərdə, bildiyiniz kimi, mənzillərin sahəsi böyük olur. 1
kvadratmetrin dəyəri köhnə evlərə nisbətən ucuz olsa da, ümumi sahə
böyük olduğundan, bu, son nəticədə mənzilin qiymətinin yüksək
olmasına gətirib çıxarır. Əhalinin təzə binalardakı evlərə az maraq
göstərməsindəki birinici səbəb budur. İkinci tərəfdən, belə evlərin
sənədləşməsi məsələsi problemli olur. Üçüncü səbəb isə,
infrastrukturun yetərincə inkişaf eləməməsi bu seqmentdə son
nəticədə narazılıqlara, problemlərə gətirib çıxarır. Ona görə də
potensial alıcı kontingenti yeni tikililərdən çox köhnə tikililərə
maraq göstərir".
İqtisadçı ekspert Natiq Cəfərli isə köhnə
mənzillərə olan tələbatın artmasının qiymət bahalaşmasına səbəb
olacağının gözlənildiyini bildirsə də, bu sahədə kəskin qiymət
artımının müşahidə olunmayacağını da söylədi: "Yeni tikilmiş
mənzillərin infrastruktur problemi olur. Bu əsasən qaz təchizatı
ilə bağlıdır. Çünki bu binaları təhvil almadan öncə qaz
təchizatıyla bağlı müqavilələr yenilənmir. Və sənədləşmə ilə bağlı
problemlər yaranır. Elə yeni binalar var ki, hələ illər əvvəl
tikilməyə başlayıb təhvil verilsə də, müxtəlif səbəblərdən onların
qeydiyyata alınması məsələsi yubanır. Buna görə də, sənədlərin
rəsmiləşdirilməsində, insanların rəsmi şəkildə o evlərə sahib
olduğu haqqında sənədlərin alınmasında problemlər yaranır. Və elə
hallar da olub ki, qeyri-qanuni şəkildə tikilmiş bəzi binalar
sökülüb. Bu, bildiyimiz kimi, Nəsimi rayonu ərazisində baş
vermişdi. Və bunun kimi bir neçə hadisənin də şahidi olmuşuq. Bu
kimi hadisələr insanlarda yeni binalara olan münasibətin dəyişməsi
ilə nəticələndi. Əsas səbəb də infrastruktur və sənədləşmə məsələsi
ilə bağlı oldu. Bütün bu səbəblərdən, evə tələbatı olan əhalinin
böyük bir hissəsi yaxşı infrastruktura malik olan, sənədləri
qaydasında olan evlərin alınmasında maraqlıdırlar. Bəzən isə elə
hallara da təsadüf olunub ki, bir sıra şirkətlər müqavilələr
əsasında bir mənzili bir neçə nəfərə satıblar. Bu haqda mətbuatda
da dəfələrlə məlumat verilib və cinayət işi açılıb. Lakin elə
insanlar var ki, hələ də aldadılaraq verdikləri vəsaitləri tikinti
şirkətlərindən geri ala bilməyiblər. Bütün bu məsələlər, həm
hüquqi, həm infrastruktur problemlərinin olması əhalinin yenidən
köhnə tikililərə yönəlməsinə səbəb oldu. Əlbəttə ki, bunun qiymət
artımına müəyyən qədər təsiri ola bilər. Amma nəzərə almaq lazımdır
ki, daşınmaz əmlak bazarında qiymətlər onsuz da Azərbaycanda
həddindən artıq yüksəkdir və artıq özünün pik həddinə yaxınlaşıb.
Ona görə də düşünmürəm ki, gələcəkdə bu sahədə kəskin qiymət artımı
baş versin. Çünki alıcılıq qabiliyyəti buna imkan vermir".