Avropadan gələn məhsullar bahalaşmağa başladı

17 Dekabr 2013 07:24 (UTC+04:00)

Üzləşdiyi böhrandan Avropa İttifaqı ölkələri hələ xilas ola bilməsə də, birlyin vahid pulu sürətlə dəyər qazanmaqdadır. Bunu manatın avro qarşısında sürətlə dəyər itirməsindən də aydın görmək olar. Hazırda avro manata nisbətən də ciddi şəkildə möhkəmlənməkdədir.

Yalnız ABŞ dollarına nisbətən birbaşa kursu müəyyənləşdirilən Azərbaycan milli valyutası Avropa pulunun qlobal arenadakı möhkəmlənməsi fonunda dəyər itirməkdədir. Dollara nisbətən mövqelərini qoruyub saxlayan və hətta, son 1 ildə ABŞ valyutasını daxili bazarda sıxışdıra bilən manatın məzənnəsi avronun möhkəmlənməsi fonunda dəyişməkdədir.

Mərkəzi Bankın rəsmi məlumatlarına görə ötən ilin noyabr ayına nisbətən avro manata nisbətən indi 8.4 faiz dəyər qazanıb. İqtisadçı-ekspenrt Vüqar Bayramov bildirir ki, 1 il öncə 1 avro almaq üçü sadəcə 99 qəpik ödəmək lazım idisə hal-hazırda 1 avro pulu üçün 1 manat 8 qəpik xərcləmək lazımdır. Bu isə o deməkdir ki, 1 il öncə öz manatını avroya çevirib saxlayanlar ötən müddətdə hətta əksər bankların da onlara verəcəyindən daha çox qazanc əldə ediblər. Belə ki, bi il öncə 9900 manata 10 000 avro alan şəxs indi həmin pulunu yenindən milli valyutaya çevirərsə o zaman 900 manat qazanmış olur. Amma təbii ki, avronun məzənnəsinin möhkəmlənməsi heç də fərdlərinin gəlirlərinin dəyişməsi aspektindən deyil, eyni zamanda, dövlət rezervlərinin həcmində müşahidə edilən dəyişikliklər baxımdan da əhəmiyyətlidir.

Avropa valyutasının məzənnəsindəki artımlar daha çox Almaniya indekslərində müşahidə edilən artımlar ilə bağlıdır. Avro zonadan fərqli olaraq ABŞ-da iqtisadi vəziyyət heç də yaxşı qiymətləndirilmir. ABŞ-ın əsas indikatoru noyabr ayında iyul ayına nisbətən 3 pillə geriləyib. Bu, 2013-cü ildə ən aşağı göstəricidir. Ölkənin sənaye indeksi də son aylar 8.2-dən 6.1-dək azalıb.

Spekulyativ faktorlara gəlincə, bəzi dövlətlər, o cümlədən, investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idilər. Bununla belə spekulyativ faktorlar uzun müddət fəaliyyət göstərə bilməz. Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. Avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Əvvəla, bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadədə artmasına səbəb olur. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avro zonasından Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə Avropa mallarının Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin, eləcə də təyyarə biletlərinin qiymətinin artmasına gətirəcək.

Artıq yeni il ərəfəsində Avropadan idxal olunan məhsulların qiymətlərində artımlar müşahidə edilməkdədir. Satıcılar bahalaşmanı avronun məzənnəsi ilə bağlayırlar. Digər tərəfdən, böhran nəticəsində Avropada məhsul istehsalının azalması xaricə idxal olunan malların bahalaşmasına rəvac verir. Çünki fəsadları hələ tam aradan qalxmayan böhran digər bazarlara, eləcə də, real sektora təsir göstərib. Təsirin nəticəsi olaraq Avropanın istehlak bazarında, xüsusən sənaye məhsullarında artımlar deyil, azalmalar yaşanıb. İndi bu azalmaların yeri dolana kimi vəziyyət dəyişməz qalacaq. Digər tərəfdən, Azərbaycanda Avropa məhsullarının bahalaşması, bazarın diqtə etdiyi artımlarla yanaşı, həm də süni xarakter daşıyır.