Rayon bağçalarında ciddi qanun pozuntuları aşkarlanıb

17 Dekabr 2013 11:30 (UTC+04:00)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Neftçala şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Komitədən Movqe.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Neftçala şəhəri, A.Mütəllimov küçəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı ümumi vəziyyət "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın (AZS 747-2013) tələblərinə uyğun deyil. Belə ki, müəssisənin mətbəxi standartın tələblərinə və sanitariya qaydalarına cavab verməyib, bağçada istilik sisteminin çəkilişi davam etdiyindən otaqların yalnız ikisinin elektrik qızdırıcısı ilə qızdırıldığı və otaqlardan birində tavanın bir hissəsinin uçmuş vəziyyətdə olması müşahidə olunub. Bundan başqa, verilən qidada uşaqların yaş fərqi nəzərə alınmayıb, ərzağın mənşəyini əks etdirən heç bir sənəd təqdim edilməyib.

Həmçinin, Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında aparılan dövlət nəzarəti nəticəsində də qidalanma ilə bağlı ümumi vəziyyətin dövlət standartına uyğun gəlmədiyi müəyyən olunub. Belə ki, azyaşlılara verilmiş qidalarda yaş fərqi nəzərə alınmayıb, qida rasionuna uyğun menyu tərtib olunmayıb, mətbəxdə ərzaq məhsullarının saxlanılması sanitariya normalarına uyğun gəlməyib. İstifadə olunan ət və süd məhsullarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikatlar və digər sənədlər təqdim olunmayıb.

Hər iki müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisə rəhbərlərinə iradnamə təqdim olunub və müvafiq akt tərtib olunub.