Xaricdə ev alan azərbaycanlıların sayı artır

30 May 2012 14:17 (UTC+04:00)

Ölkədə daşınmaz əmlak bazarında istənilən fəallıq müşahidə olunmasa da, qiymətlərin hələ də yüksək səviyyədə qalması danılmaz həqiqətdir. Məhz bunun nəticəsidir ki, son illərdə daşınmaz əmlak alanların sayı azalır. Hətta ipoteka kreditləşməsi də bu xüsusda hansısa ciddi dəyişikliyə gətirib çıxarmadı. Eyni sözləri kirayə bazarı haqda da söyləmək olar. Heç bir ciddi iqtisadi əsas olmadığı halda kirayə bazarında son günlərdə ciddi bahalaşma yaşanmaqdadır.

Düzdür, buna əsas səbəb "Eurovision" mahnı müsabiqəsi ilə bağlı ölkəmizə çoxsaylı turistlərin gəlməsi oldu. Lakin yarış başa çatsa da kirayə mənzillərdə hələ də ucuzlaşma müşahidə edilmir. Daha çox bahalaşma isə özünü elit evlərdə göstərir.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimovun sözlərinə görə, belə evlərdə aprelin 1-ci yarısında 1 kv/metrə görə qiymət 10,6 ABŞ dolları idisə, ayın ikinci yarısında qiymət 10,8 dollara yüksəlib. Mayın birinci yarısında isə 1 kv/metrə görə qiymət 11,3 ABŞ dollara çatıb. Ümumilikdə mayın birinci yarısında elit kirayə bazarında 4,3 faiz artım qeydə alınıb.

Ekspert bildirib ki, Bakı şəhəri üzrə köhnə yaşayış binalarında kirayə haqqında qiymət artımı o qədər də çox müşahidə olunmayıb. N.İbrahimov vurğulayıb ki, mayın 1-nə olan statistikaya görə, Bakı şəhəri üzrə təkrar mənzil bazarında 1 kv/metr 1437 ABŞ dolları olub. İlkin bazarda isə bu göstərici 852 ABŞ dollar təşkil edib.

Elə mənzil bazarında da kirayə evlərdə olduğu kimi qiymətlər olduqca yüksəkdir. Məhz bu səbəbdən aparılan araşdırmalar onu göstərir ki, mənzil bazarında əvvəlki fəallıq yoxdur. İstər ilkin, istərsə də təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında hələ də azalma qeydə alınmaqdadır. Bu sahədə yaşanan digər maraqlı vəziyyət ondan ibarətdir ki, ölkədən fərqli olaraq, xaricdə əmlak almaq istəyən azərbaycanlıların sayı xeyli artıb. Onu da qeyd edək ki, qiymətlərin aşağı düşməsilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamayıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyadakı böhran şəraitində pullarını etibarlı saxlamaq istəyirlər. Nəticədə son aylarda xaricdə ev və ya başqa əmlak almaq istəyənlərin sayı xeyli artıb. Ekspertlər bildirir ki, Azərbaycan alıcısı, sərmayəçisi üçün ənənəvi istiqamətlər, ilk növbədə, Türkiyə, Dubay, Avropadır və bunlar stabil istiqamətlərdir. Xüsusən də Türkiyənin dəniz kurort şəhərləri. İndi xaricdə ev almaq istəyən azərbaycanlılar qiyməti 40-50 min avroya qədər olan obyektlərə üstünlük verir. Qeyd edək ki, Türkiyədə daşınmaz əmlak almaq istəyən Azərbaycan vətəndaşları bu məqsədlə Bakıda açılmış ofisə müraciət edə bilər. Belə ki, Türkiyənin "İnvestPro GmbH" şirkəti ölkədə əcnəbilərin daşınmaz əmlak almasına icazə verilməsi fonunda bu istiqamətdə hərəkətə keçib. Şirkət xarici ölkələrdə yerli vətəndaşların Türkiyədə daşınmaz əmlak alma prosesini sadələşdirmək üçün artıq Azərbaycanda ofis açıb.

Qeyd edək ki, Türkiyənin əcnəbilərə daşınmaz əmlak satışına qoyulmuş məhdudiyyətin götürülməsilə təqribən 20 milyard dollar gəlir götürəcəyi gözlənir. Bu fonda azərbaycanlıların Türkiyədə daha çox daşınmaz əmlak alacağı proqnozlaşdırılır. Azərbaycanlıların, daha çox, İstanbulda daşınmaz əmlak aldığı da məlumdur. Türkiyədə belə daşınmaz əmlak alışına sövq edən əsas səbəb isə kommersiya maraqlarıdır. Belə ki, burada alınan daşınmaz əmlakın icarəyə verilməsi gəlirli biznes sayılır. Onu da bildirək ki, Türkiyədə daşınmaz əmlak ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzlaşıb.

Xaricdə daşınmaz əmlakın ucuzlaşmasına valyutaların məzənnələrindəki dəyişikliklər də təsir göstərib. Avro ilə manatın təxminən eyni həddə olması isə azərbaycanlı alıcılar üçün yaxşı imkan yaradıb. Ölkəmizdə isə aparılan araşdırmalar həm də onu göstərir ki, mənzil bazarında müəyyən ucuzlaşmaya baxmayaraq, hələ də burada əvvəlki fəallıq yoxdur. İstər ilkin, istərsə də təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında hələ də azalma qeydə alınmaqdadır. Məhz belə vəziyyətdə, ölkədən fərqli olaraq, xaricdə əmlak almaq istəyən azərbaycanlıların sayı xeyli artıb. Onu da qeyd edək ki, qiymətlərin aşağı düşməsilə yanaşı, bəzi ölkələrin alıcıları cəlb eləmək üçün burdan ev alanlara müxtəlif güzəştlər etməsi də bu məsələdə az rol oynamayıb. Ekspertlərin fikrincə, alıcılar həm xaricdəki ucuzluqdan istifadə edir, həm də dünyadakı böhran şəraitində pullarını etibarlı saxlamaq istəyirlər. Nəticədə xaricdə ev və ya başqa əmlak almaq istəyənlərin sayı xeyli artıb.

Əslində, ucuzlaşma cüzi olsa da, əslində Azərbaycanda da yaşanır. Lakin mənzillərin indiki satış qiyməti onların maya dəyərindən hələ də xeyli yüksəkdir. Bu səbəbdən hazırda daşınmaz əmlak sferasında durğunluq davam edir. Aparılan araşdırmalar onu da göstərir ki, Azərbaycanın mənzil bazarında olan təklif real tələbdən əslində bir neçə dəfə aşağıdır. Yəni ölkədə insanların mənzilə olan tələbatının ödənilməsi üçün bazara indikindən bir neçə dəfə çox mənzil çıxarılmalıdır. Lakin o da faktdır ki, indinin özündə bazara çıxarılan mənzillərin lazımi qədər müştərisi yoxdur. Yəni mənzilə ehtiyacı olanların heç də hamısı bu ehtiyacını ödəmək iqtidarında deyil. Buna görə də bazarda tələb və təklif arasında fərq, mənzillərə böyük ehtiyacın olmasına rəğmən, ikincinin lehinə dəyişməkdədir. Ekspertlər bildirir ki, bunun əsas səbəblərindən biri hələ də Azərbaycanda mənzillərin qiymətinin baha olmasıdır. Bu sahədə vəziyyət dəyişməyəcəyi təqdirdə isə vətəndaşların ölkə daxilindən daha çox xaricdə daşınmaz əmlak alacaqları proqnozlaşdırılır.

Səməd CƏFƏROV