Türkiyədə 3 nazir oğlu rüşvət və korrupsiya ittihamı ilə həbs edilib

17 Dekabr 2013 14:22 (UTC+04:00)

AKP-nin yüksək vəzifəli mənsublarının ailə üzvlərinin, vəzifəli şəxslərin, məşhur iş adamlarının polis tərəfindən saxlanması Türkiyəni şoka salıb

Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə nazir oğullarının, vəzifəli şəxslərin və məşhur iş adamlarının həbs olunduğu polis əməliyyatının detalları yavaş-yavaş bəlli olur. Əməliyyatda hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) mənsublarının və onların ailə üzvlərinin hədəf alınması Türkiyədə şok effekti doğurub. 

 

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu gün səhər iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z. Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə. Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, "Halkbank"ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb. Hələlik bu şəxslər haqqında həbs qərarının verilib-verilməyəcəyi bəlli deyil. 

 

Daxili İşlər Nazirliyinin Əmniyyət Gənəl Müdirliyindən (baş polis idarəsi) mətbuata bildiriblər ki, əməliyyat 1 ildir davam edən fiziki və texniki izləmə nəticəsində toplanan materiallar əsasında həyata keçirilir. İstintaqı İstanbul Cümhuriyyət Baş Prokurorluğunun baş prokuror vəkili (1-ci müavin) Zəkəriyyə Öz və onun tabeliyindəki prokuror Cəlal Qara aparır. Z. Öz "Ergenekon" əməliyyatının istintaqını aparan və bu çərçivədə çoxsaylı həbslərə sanksiya verən prokuror kimi tanınır. 

 

Hələlik hökumət və hakim partiya baş verənlərə münasibət bildirməyib.

 

***

Saat 12:10

 

Bakı - APA. Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə üç nazir oğlunun polis tərəfindən saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, Türkiyənin müxtəlif internet saytları iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğullarının bu gün səhər prokurorun təlimatı ilə polis tərəfindən saxlanıldığı haqda xəbər yayıblar.

 

Xəbəri eşidən iqtisadiyyat naziri Zəfər Çağlayan bu günə nəzərdə tutulan rəsmi proqramlarını ləğv edib. Daxili işlər naziri Müəmmər Gülərin Bolqarıstana səfərini təxirə saldığı xəbər verilir. 

 

Saxlanılanlar arasında İstanbulun Fatih rayonunun hakim partiya AKP-dən olan bələdiyyə başqanı və "Halkbank"ın baş direktorunun da olduğu deyilir. Saxlanılanların arasında məşhur müğənni Əbru Gündəşin həyat yoldaşı, İran azərbaycanlısı Rza Zərrab və Türkiyənin ən zəngin iş adamlarından biri olan Əli Ağaoğlu da var.