Fiziki şəxslər büdcədən hər il 300 milyon manat yayındırırlar

18 Dekabr 2013 07:36 (UTC+04:00)

Bir sıra özəl şirkətlərdə hələ də ikili mühasibatlığın hökm sürməsi danılmaz həqiqətdir. Bu isə büdcəyə vergi daxilolmaları nəticəsində toplanan vəsaitin daha yüksək hədlə ifadə olunmasına imkan vermir. İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, ikili mühasibatlıq nəticəsində hər il fiziki şəxslər tərəfindən büdcədən 300 milyon manat yayındırılır. Əsas səbəb də məhz ikili mühasibatlıqdır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev məsələ ilə bağlı bildirdi ki, belə hallar daha çox özünü əqli mülkiyyətin satışında yox, ticarət sektorunda göstərir: "Bu da onunla bağlıdır ki, məhsulun topdansatış qiymətinin üzərinə pul qoyub satıldığı halda vergi orqanları fiziki şəxsdən ümumilikdə dövriyyəyə görə 4 % vergi tuturlar. Bu da həmin sahibkara az gəlir qalmasına şərait yaradır. Ancaq burada elə məhsullar var ki, topdansatış qiymətləri çox, üzərinə qoyulan pul ilə isə az olur. Bu zaman vergini ödəmək üçün fiziki şəxs öz cibindən pul qoyur. Ona görə də bu şəkildə vergi ödəmək həmin fiziki şəxsi vegidən yayınmağa meyilləndirir. Digər məsələ onunla bağlıdır ki, bəzi supermarketlərdə sahibkar fizki şəxs olsa da, əlavə dəyər vergisinə cəlb edilirlər. Bu zaman, xərclərin çox olması onları vergidən yayınmağa gətirib çıxarır".

Ekspert bildirdi ki, belə halların qarşısını almaq üçün 4%-lik sadələşdirilmiş verginin dövriyyədən deyil, gəlirdən tutulması daha yaxşı olardı: "Digər məsələ odur ki, şəffalığa ehtiyac var. Belə ki, bir sıra idxal olunan məhsullarda sənədlərin qeyri-dəqiq tərtib olunması halları olur. Bu da problemlərə gətirib çıxarır. Bundan başqa, çox vaxt fiziki şəxslər idxal yolu ilə məhsul gətirəndə ikiqat vergi tutmalarına məruz qalırlar. Bu da məhsulun bahalaşmasına gətirib çıxarır. Eyni zamanda, vergi ödəyiciləri arasında bəzən subyektiv amillər nəzərə alınır. Belə olan təqdirdə bəzi şəxslər daha çox, digəri isə ondan az vergi ödəyir. Bu da rəqabətə təsir edir ki, arada yaranan fərqi qaldırmaq üçün vergidən yayınmağa meyillənirlər".

İqtisadçı ekspert Hüseyn Hüseynov bildirir ki, fiziki şəxslərin vergidən yayınmalarının ən başlıca səbəblərindən biri işəgötürənlər tərəfindən vergi məsələlərində yaranan problemlərdir: "İşə götürənlər əmək müqaviləsi bağlamadığına görə vergi orqanlarına gəlir vergisi ilə bağlı heç bir ödəniş etmirlər. Bir pəncərə sistemi olduğuna görə fiziki şəxs gəlir vergisi ilə bərabər həm də sosial sığorta ödənişləri etməlidirlər. Ancaq gəlir vergisi ödəmədiyinə görə, sosial sığorta ödənişi də etmirlər. İkinci məsələ ondan ibarətdir ki, hansısa xidmət sahəsində fəaliyyət göstərən şəxs özünə VÖEN açdırır. Buna görə sadələşdirilmiş vergi ödəyir. Onlar müəyyən müddət həmin vergini ödəyirlər, fəaliyyətlərini dayandırdıqdan sonra isə ödəmirlər. Amma fəaliyyət dayandırıldıqdan sonra VÖEN də bağlanmalıdır. Problem də burada yaranır. Vətəndaşların çoxu mövsümi fəaliyyətini dayandırdıqdan sonra VÖEN-i bağlatmırlar. Vergi orqanları isə həmin VÖEN-i işlək olaraq hesablayır. Beləliklə də, həmin vətəndaş vergidən yayınmış kimi qiymətləndirlir. Başqa bir məsələ ondan ibarətdir ki, sosial yadım alan şəxslərin məşğulluqlarının göstərilməsi üçün vergi orqanlarından və sosial sığorta ödənişi haqqında arayışlar tələb olunur. Aztəminatlı ailələrdən kimsə hansısa xidmət sahəsində (usta, dülgər, fəhlə) fəaliyyət göstərirsə, öz fərdi fəaliyyətlərini təsdiq etməsi üçün VÖEN və sığorta kartları tələb olunur. Ona görə də həmin bu yardımların təyin olunduğu müddətdə o şəxslər VÖEN və sığorta kartları alırlar. Bir müddət açdırdıqları vergi hesablarına müəyyən məbləğlər ödəyirlər. Yardımın təyinatından sonra artıq onlarda pul ödənişi marağı olmur. Ancaq vergi orqanında VÖEN bağlanılmadığına görə onlara da vergi faizi hesablanır".

Ekspert bildirdi ki, belə halların qarşısını almaq üçün Vegilər Nazilriyindən aktivlik tələb olunur: "Bəyannamələrin tətbiq olunması, vergi yoxlamalarının həyata keçirilməsi, sanksiyaların tətbiq olunması bunun qarşsıını ala bilər. Belə halların azaldılması üçün ikinci mühüm amil maarifləndirmə işinin yaxşı təşkil edilməsidir. Çünki, vergi öhdəçiliyi qanunvercilikdən əlavə, bir mənəvi borcudur".