Əlillərə səyyar formada xidmət göstəriləcək

18 Dekabr 2013 10:46 (UTC+04:00)

İlkin mərhələdə ümumilikdə 100 nəfərdən çox əlil vətəndaşa xidmət göstəriləcək

Bölgələrdə yaşayan əlillərə səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ans press-ə verilən məlumata görə, Nazirlik tərəfindən respublikanın regionlarında yaşayan əlil vətəndaşlara yaşadıqları bölgələrdə protez-ortopedik bərpa xidməti göstərilməsi üçün 2 səyyar tibbi-texniki briqada yaradılıb.


Nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət briqadalar ilkin mərhələdə Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan, dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopediya məmulatlarına ehtiyacı olan ümumilikdə 100 nəfərdən çox əlil vətəndaşa və sağlamlıq imkanları məhdud uşağa səyyar formada xidmət göstərəcək. 

Bu məqsədlə briqadalardan biri dekabrın 20-də Saatlı rayon mərkəzi xəstəxanasında, digəri isə dekabrın 21-də Beyləqan rayon mərkəzi xəstəxanasında olacaq. Növbəti mərhələlərdə ölkənin digər regionlarında əlil şəxslərə səyyar xidmət davam etdiriləcək. 


Tədbir bölgələrin əlil sakinlərinin protez-ortopediya məmulatları ilə təmin olunmaq üçün zəhmət və xərc sərf edərək, uzaq yol qət etməklə paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına imkan verir. Həmçinin bu tədbir əlilləlrin ehtiyac duyduqları məmulatlarla təminatı işinin yerində və operativ şəkildə həyata keçirilməsinə xidmət edir.