Əli Həsənov: "Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir"
18 Dekabr 2013 18:39 (UTC+04:00)
"Azərbaycan mədəniyyətini, adət-ənənələrini,
azərbaycançılığı xarakterizə edən dəyərlər, onların
sistemləşdirilib idarəçiliyin əsasında dayanması, sonrakı
innovatorluq, sözün həqiqi mənasında, ümummilli lider Heydər
Əliyevin idarəçilik təlimini xarakterizə edən əsas əlamətlərdən
biri idi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli
Həsənov Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev adına
İnstitutunda "Dövlət idarəçiliyində varislik, novatorluq və
dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası:
rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər)" kitabının
təqdimatında çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, bu gün hamı üçün bəllidir
ki, ulu öndər Azərbaycana təkcə bugünkü müstəqil dövlətimizi deyil,
eyni zamanda, onun idarəçilik təlimini də ərmağan edib: "Biz bu gün
o idarəçilik təlimindən bəhrələnərək Azərbaycanın inkişafının
ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət
idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik.
Bununla da biz Azərbaycan xalqının firavan, dinc, təhlükəsiz və
dinamik həyatını təmin edirik. Odur ki, sözün həqiqi mənasında, bu
təlimin salnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı
xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu
kütləsinə çatdırılması, o cümlədən Azərbaycanı tədqiq edən,
ölkəmizlə maraqlanan xarici auditoriyalara çatdırılması bu gün üçün
çox aktuallıq kəsb edir".
PA rəsmisi deyib ki, Heydər Əliyevin dövlət
idarəçilik təlimində bir neçə prinsip var idi: "Birincisi, ulu
öndərin varislik təliminin bugünkü dövlət idarəçiliyində Prezident
İlham Əliyev tərəfindən nəzərə alınır. Heydər Əliyevin dövlət
idarəçilik təlimi, ilk növbədə, Azərbaycan xalqının milli iradəsinə
söykənir. Ümummilli liderimiz deyirdi ki, "Milli iradə və milli
birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə
təmin edilə, nə də davamlı ola bilər". Ulu öndərin Yeni Azərbaycan
Partiyasının (YAP) yaranması ərəfəsində Azərbaycan ziyalılarına
ünvanladığı məktubda birinci prinsip olaraq bu məsələ qoyulmuşdu
ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula,
möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət əhalinin
iradəsinə söykənsin, əhalinin iradəsi isə milli birliyə söykənsin
və milli birlik bizim dövlətimizin əsas prinsiplərindən biri
olsun".
Ə.Həsənovun sözlərinə görə, ümummilli liderin
irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi: "O dövlət
dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət
prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət
yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə,
bu dövlətdə ədalət ola bilməz. Yəni, haqlının güclü olduğu bir
dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin
idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin
hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin
xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona,
onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin
xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə
bilməz".
PA rəsmisi xatırladıb ki, Heydər Əliyev o zaman
Azərbaycan ziyalılarına həmin müraciətində qeyd edirdi ki, bu gün
Azərbaycan cəmiyyətində cinayətkarların cəzasız qalması,
günahsızların isə cinayətə məruz qalması ciddi bir narazılıq
yaradır və bu, sosial çaxnaşmaya, sosial fəlakətə aparır:
"Yadınızdadırsa, 1991-1993-cü illərdə Azərbaycanda, sözün həqiqi
mənasında, bir xaos, anarxiya hökm sürürdü, cinayətkar cəzasız
qalırdı və günahsızlar cəzaya məruz qalırdılar. Belə olan halda
qanunçuluq da pozulmuşdu, hüquqi dövlət normaları da pozulmuşdu.
Bir sözlə, kim güclü idisə o da haqlı idi. Kimin çiynində silah var
idisə, o istənilən şeyi həyata keçirirdi. Belə bir dövlətdə Heydər
Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən biri hüquqi
dövlət, demokratiya prinsipləri idi".
PA rəsmisi çıxışında qeyd edib ki, Prezident İlham
Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam
etdirir.
Ə.Həsənovun sözlərinə görə, ümummilli lider Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri
sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü:
"1995-ci il Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan
haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən
optimal qərarların qəbul edilməsi üçün insanların fikir
plüralizminin istifadəsinə və çoxluğun iradəsinin hökm sürməsinə
həsr olunub. Və nəhayət, ümumilli lider Heydər Əliyevin dövlət
təliminin əsas tərkib hissələrindən biri effektli dövlət
idarəçiliyi sisteminin yaradılması idi".
PA-nın Humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma
Abdullazadəçıxış edərək kitabla bağlı
dəyərli fikirlərini bölüşüb.
F.Abdullazadə deyib ki, İlham Əliyev hər bir
çıxışında və əməlində ümummilli lider Heydər Əliyevin varisi
olduğunu nümayiş etdirir: "Heydər Əliyev siyasəti bu gün
Azərbaycanda yaşayır və uğurla inkişaf edir. Dahi şəxsiyyətin ən
müdrik addımlarından biri "Əsrin müqaviləsi" layihəsinin
imzalanması idi. Bu, Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi
və bunun iqtisadi baxımdan da nə qədər uğurlu olduğunu biz ötən gün
Bakıda "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan müqavilə
əsasında şahidi olduq. Dünənki saziş onu göstərdi ki, Azərbaycan
nəinki özünü enerji resursları ilə təmin etdi, eyni zamanda, bu
enerji resurslarından başqalarına da verməyə qadir olduğunu
göstərdi".
Daha sonra Milli Məclisin sədr
müavini Bahar
Muradova deyib ki, hər kəsin imkanı
var ki, bu kitabla yaxından tanış olub öz təhlillərini aparsın və
Azərbaycan dövlətinin son 5 ildə keçdiyi dövrə nəzər salsın:
"Əlbəttə ki, təhlilçilər, analitiklər, tədqiqatçılar öz mövqelərini
ortaya qoyurlar. Mənim üçün xüsusi əhəmiyyət kəsb edən cəhət hər
bir insanın, fərdin özünün, xalqının və dövlətinin keçdiyi yola
fərqli münasibət bəsləməsidir. Çünki sonda bu münasibətlər
toplanaraq bütövlükdə xalqın, bu ərazidə yaşayan insanların mövqeyi
kimi bir araya gəlir. Əgər bu mövqelər bir çox hallarda üst-üstə
düşürsə, deməli, yenidən siyasət doğulur və əldə olunan nəticələr
hər kəsin həyatına müsbət təsir edir".
Milli Məclisin üzvü Ziyad Səmədzadə bildirib ki,
cənab Prezident İlham Əliyev 2013-cü ildə tam məsuliyyətlə
Azərbaycanın müstəqil siyasət yeritdiyini bir daha vurğulayıb:
"Dövlət başçısı qeyd etdi ki, əgər Azərbaycanın iqtisadi
müstəqilliyi olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik.
1994-cü ildə Azərbaycanda ümummilli lider Heydər Əliyev neft
kontraktları imzalanan zaman bildirmişdi ki, Azərbaycan yaxın
gələcəkdə dünyanın ən parlaq inkişaf edən ölkələrindən birinə
çevriləcək".