Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, parlamentin sabiq
deputatı Səyyad Aranın Yeni Azərbaycan Partiyasına (YAP) bərpa
olunması ilə bağlı müraciətinə mənfi cavab verilib. YAP-dakı
mənbənin Modern.az saytına verdiyi məlumata görə, bu günlərdə Milli
Məclis Aparatında yeni vəzifəyə təyin olunan S.Aran hakim
partiyanın Siyasi Şurasına üzv olmaq üçün ərizə verib, amma onun
ərizəsinə baxılmayıb.
Mənbənin məlumatına görə, "Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununa görə, xarici ölkələrdə diplomatik
fəaliyyətə göndərilən şəxslərin siyasi mənsubiyyəti olmamalıdır. Bu
səbəbdən də Səyyad Aran hələ 2006-cı ilin sentyabrında İstanbula
diplomatik xidmətə göndərilərkən YAP-ın üzvlüyündən və Siyasi
Şurasından çıxıbmış. 2010-cu ilin mayında konsul vəzifəsindən geri
çağırılan S.Aran yenidən YAP Siyasi Şurasına üzv olmağa çalışıb,
amma onun cəhdləri bü günədək nəticə verməyib. S.Aran hazırda Milli
Məclisin Aparat Rəhbərinin Xidmətinin Ərazi vahidlərinin və
bələdiyyələrin dövlət reyestri sektorunun aparıcı məsləhətçisi
vəzifəsində çalışır.
Xatırladaq ki, Səyyad Aran YAP-ın yaradılmasında və keçmiş
prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak edən
"91-lər"dən biridir. Hazırda YAP-ın Siyasi Şurasında 89 nəfər
təmsil olunur.