Qanunsuz ov edən şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına atəş açıb, onu yaralayıblar

19 Dekabr 2013 15:21 (UTC+04:00)

Bərdə rayonunda silahlı insident baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, nazirliyin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Tərtər, Yevlax, Bərdə və Ağdaş rayonlarını əhatə edir) mühafizə yegeri Pərviz İsmayılov Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Qanunsuz ov edən şəxslər xidməti vəzifəsini yerinə yetirən P. İsmayılovun ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb və onlardan biri ov tüfəngi ilə atəş açaraq onu bud nahiyəsindən yaralayıb.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.